Parisin İrəvana göndərdiyi silah İranın əlinə keçə bilər: Böyük təhlükə barədə XƏBƏRDARLIQbackend

Parisin İrəvana göndərdiyi silah İranın əlinə keçə bilər: Böyük təhlükə barədə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin 24news.tv nəşri “Fransa İsrailin müttəfiqi Azərbaycana təhlükə yaradaraq Qafqazda döyüşə girir” başlıqlı yazısında qeyd edir ki, İranın döyüş sursatlarını modernləşdirilməsi və təkmilləşdirilməsi hazırda İsrail də daxil olmaqla, Tehranın müharibə qızışdırmasına qarşı çıxan hər kəs üçün böyük təhlükə olacaq. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa dəfələrlə verdiyi vədlərdən sonra Ermənistana öldürücü silahların çatdırılmasına başlamaq qərarına gəlib.

Yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyordan ibarət ilk partiya gələcək. Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasındakı vəziyyəti izləyir. Kiyev ehtiyat edir ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslar tərəfindən, o cümlədən Ukraynanın Rusiya işğalına qarşı əks-hücumunda Qərbin verdiyi eyni texnikaya qarşı mübarizə üsul və vasitələrinin təkmilləşdirilməsi üçün istifadə oluna bilər. İrəvanla Moskva arasında sıx hərbi əməkdaşlığı, o cümlədən ölkədə iki Rusiya hərbi bazasının yerləşdirilməsini nəzərə alsaq, bu ehtimal olduqca yüksəkdir.

Fransa ilə Ermənistan arasında birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı Ermənistanın müdafiə naziri Suren Papikyanın 2022-ci ilin sentyabrında Parisə səfəri zamanı qəbul edilib. Bu sahədə əməkdaşlığın gedişatı müxtəlif mənbələr tərəfindən təsdiqlənir. ABŞ-ın beynəlxalq təhlükəsizlik analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazıb: “Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə ilə bağlı razılaşmaya gətirib çıxara bilər”. Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana tədarükünün mümkünlüyü də qeyd olunub.

Fransa xüsusi xidmət orqanlarına bağlı olan “Intelligence Online” saytının Parisin İrəvandakı səfirliyinin yanında yeni hərbi attaşe təyin edəcəyi və onun fransız ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyi barədəki xəbəri İsrailin narahatlığına səbəb olub. Bu qərarı şəxsən Fransa Prezidenti Emmanuel Makron qəbul edib. Xatırladaq ki, Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Parisin Ermənistana silah ixrac etmək niyyətində olduğunu açıqlamışdı: “Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək”.

İsrail narahatdır ki, fransız silahları Ermənistan vasitəsi ilə İranın əlinə keçə bilər. Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinaz silah tədarükü ilə bağlı deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.

Bu ayın əvvəlində Rusiyanın REX nəşri yazıb ki, Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma “ilkin olaraq öldürücü silahlar daxildir”. İranın “Yazeco” xəbər xidməti isə qeyd edib ki, “yeni hərbi attaşe Fransa silahlarının Ermənistana çatdırılmasına nəzarət edəcək”.

Ermənistana silah tədarükünün başlanması Fransanı İsraillə toqquşma kursuna çıxardı. Qüdsün rəsmi siyasətinə görə, yəhudi dövləti özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və Bakının müdafiə qüvvələrinin bütün tələblərini yerinə yetirən əsas silah təchizatçılarından biridir.

24news.tv yazır ki, Ərdoğan Türkiyədəki seçkilərdə uduzsa, İsrail Tehranın mütəmadi olaraq təhdid etdiyi Bakının yeganə strateji müttəfiqinə çevrilə bilər. Cənubi Qafqaz arenasında Fransa-İsrail ziddiyyətləri ötən ilin dekabrında özünü açıq şəkildə büruzə verdi. İsrail parlamentinin onlarla nazir və deputatı Azərbaycan Milli Assambleyasına məktub yazaraq Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi və ondan qaz və neft alınmasına Avropa İttifaqı tərəfindən embarqo qoyulmasını tələb edən qətnaməsinə təəccüb ifadə etmişdilər. Məktubda deyilirdi: “Bu qərar bu gün İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan mütərəqqi [şiə] müsəlman əhalisi olan Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın mənafeyinə uyğundur”.

Qeyd edək ki, Ermənistan təkcə Rusiyaya qarşı sanksiyaların qarşısını almaqda deyil, həm də çip və mikrosxemlərin gizli ixracında əsas rol oynayır. Moskvaya göndərilən İran silahları üçün əlavə yükdaşıma mərkəzi də Ermənistan hesab olunur.

Həmçinin aprel və may aylarında silahlı toqquşmalar zamanı Ermənistan Azərbaycana qarşı İranın pilotsuz uçan aparatlarından istifadə edib. Fransa silahlarının iranlıların əlinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. İranlı silah istehsalçıları Yaxın Şərqdə sabitliyi pozmaq istəyən bir neçə terror təşkilatına ixrac edilən öz silahlarını modernləşdirmək üçün Ermənistan vasitəsilə əldə edilən Qərb texnikasından istifadə edə bilərlər.

Tanınmış israilli ekspert Ron Ben Yişai artıq xəbərdarlıq edib ki, İranın hərbi sursatlarının modernləşdirilməsi və təkmilləşdirilməsi, istər-istəməz Rusiyanın bu silahlardan Ukraynada istifadəsinə görə hazırda İranla müharibəyə qarşı çıxan bütün güclər üçün daha böyük təhlükəyə çevriləcək.

Publika.az