Parkinq qiymətinin qalxması etiraz yaratdı: Müdir çarə tapacaq, bəs işçi?backend

Parkinq qiymətinin qalxması etiraz yaratdı: Müdir çarə tapacaq, bəs işçi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parklanma qiymətləri təklif olunanda bir çox nəqliyyat ekspertləri, o cümlədən də mən etiraz etdim ki, qiymətlər bahadır. Lakin nəqliyyatdan başı çıxmayan adamlar dedi ki, yaxşıdır və bu qiymət şəhərin mərkəzində ucuzdur. Biz də dedik ki, əgər belədirsə, mərkəzə maşınsız gedərik”.

 

Bu sözləri Yenisabah.az açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Mütəxəssis yeni parklanma qanunları ilə bağlı sosial şəbəkələrdə yayılan müzakirələrə,  bununla əlaqədar yaranan problemin həll yollarına toxunub.

Müsahibimizin fikrincə, belə tənzimləmələr o zaman mümkün ola bilər ki, şəhərdə tıxac problemi olmasın:

“Bu gün ödənişli və ya ödənişsiz, xüsusən də güzəştli parklanma yerlərinin olmasına paytaxtda çox ehtiyac var. Bu siyahını dövlətin xüsusi kriteriyalarına aid olan güzəştli təbəqələrinin parkinqdən istifadə etməsindən tutmuş, adi sahibkarlar və vətəndaşların maşın saxlamağına qədər uzada bilərik”.

Ekspert hesab edir ki, bu gün Bakıda mərkəz və mərkəzdənkənar yerlərdə dayanacaq problemi var:

“Tıxacların əsas səbəblərindən biri də budur. Çünki parkinqdə saxlayırsan, pulunu verirsən, 5-10 dəqiqə sonra isə görürsən ki, cərimələnmisən. Bundan başqa, məhəllədaxili elə yerlər var ki, bina sakinləri tərəfindən zəbt olunub, bomboşdur, amma girişində şlaqbaum var. Ümumiyyətlə, bu məsələlər tənzimlənməli, qaydasına düşməlidir ki, sonra biz qiymətdən danışaq. Amma mənə elə gəlir ki, əvvəlki qiymətlər yerində qalsaydı, daha yaxşı olardı”.

A. Əsədov təklif edib ki, şəhərin daha sıx və gediş-gəlişli yerləri var ki, orada da parkinq yerləri tikmək olardı:

“Mən deyərdim ki, şəhərin mərkəzində olan Qış Parkı və yaxud digər yerlərdəki parkinq zonaları normal tətbiq olunan qiymətlərdən də bahadır.

O ki qaldı gündəlik maşınını iş yerinin yanında saxlayan adamların bundan sonra nə edəcəyinə, onsuz da sahibkarlar və rəhbər şəxslər öz avtomobillərini səkilərdə saxlamırlar. Onların özlərinin yaxınlıqda dayanacaqları olur, yaxud hansısa binanın yeraltı qarajı ilə danışıb avtomobillərini orada saxlayırlar. Burada əsas söhbət işçi heyəti və gələn qonaqlardan gedir. Sadə dillə desək, müdiriyyət öz başının çarəsinin qıla bilir, amma sıravi işçilər və oraya gələn gündəlik qonaqlar bundan əziyyət çəkir. Bu gün şəhərdə əksər yerlər kameralıdır və cərimələr yazılır. Ona görə parklanma yerləri olmalıdır”.

Həmsöhbətimiz aydınlaşdırıb ki, hazırda şəhərdə maşın saxlamağa yer yoxdur:

“Vəziyyət belə olanda da artıq belə çıxır ki, sən maşından imtina edəsən. Çünki ərazi yox, gəlib maşını səkidə saxlayırsan və səni cərimə edirlər. Avtomobildən imtina etmək isə inkişafı müəyyən dərəcədə əngəlləyən amildir. Çıxış yolu ancaq odur ki, şəhərin mərkəzində xaraba, yiyəsiz və sahibsiz ərazilərdə parklanma sahələri tikişlin. Çünki bugünkü gündə oralar narkomanları ocağına çevrilib. O əraziləri parkinq etsələr, yaxşı olar. Yaxud yeni inşa olunan binalara konkret tələb qoyulmalıdır ki, bu binanın -1, yaxud 1-ci mərtəbəsini parkinq etməlisən. Necə ki sən binada yerləri ticarət mərkəzi, ofis edə bilirsən, parkinq edə bilmirsən?! Ən azından, bina sakinləri və binaya gələn qonaqlar bu problemi yaşamamalıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşılmalıdır”.