Son dövrlər sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə bu ilin oktyabr-noyabr aylarında referendumun keçiriləcəyi və parlamentin yenidən buraxılacağı ilə bağlı iddialar yayılıb. Bu iddialar həqiqəti əks etdirirmi?
Editor.az məsələni millət vəkilləri ilə araşdırıb.
Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, parlamentin buraxılması iddiaları ilə bağlı heç bir əsas yoxdur:

“Düşünürəm ki, hal-hazırda parlamentin buraxılmasına heç ehtiyac da yoxdur. Bu, əlavə xərcdir, yükdür. Nəyə görə yenidən parlament formalaşdırılmalıdır? Bu mənə aydın deyil. Sadəcə referendumun keçirilməsi ilə bağlı cəmiyyətdə xeyli söz-söhbət gəzir. Bəziləri də təsdiq edir ki, mütləq şəkildə referendum keçiriləcək. Buna görə ciddi əsaslar yoxdur. Yaxın 2 il müddətində bu gözlənilmir”.
Millət vəkili Arzu Nağıyev qeyd edib ki, bu iddialar cəfəng fikirlərdir:

“Yenidən parlamentin buraxılmasından söhbət getmir. Parlament öz üzərinə düşən funksiyanı normal yerinə yetirir. Referendum keçirilə bilər. Lakin bunun nə ilə bağlı olduğu barədə heç bir açıqlama yoxdur. Sosial şəbəkələrdə belə əsassız məlumatlar yaymaqla cəmiyyətdə xaos yaradırlar. Seçkilərdən il yarım keçməyib, necə parlament buraxıla bilər? Parlamentin formalaşması sadə proses deyil. Düşünürəm ki, VI Çağırış deputatlar qanunvericiliklə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ona görə bu iddiaların heç bir əsası yoxdur”.
//Gülnarə Abasova, Editor.az

