Parlament seçkiləri ilə bağlı yeni İDDİA: Bu tarixdə keçiriləcəkbackend

Parlament seçkiləri ilə bağlı yeni İDDİA: Bu tarixdə keçiriləcək 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Partiyası Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri üçün namizədlərini müəyyən etməyə başlayıb.  Bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib. Qeyd edib ki, partiyanın Siyasi Komitəsi partiyadaxili seçimin birinci mərhələsində 16 nəfərin namizədliyini ilkin olaraq təsdiqləyib. 

REAL-ın bu addımı siyasi çevrələrdə parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi ehtimalını daha da artırıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, onlar partiya olaraq parlament seçkilərinə çox ciddi hazırlaşırlar:

“Biz partiya olaraq, ilk gündən də elan etmişik ki, əsas prioritet seçkilərdə iştirak etməkdir. Parlament seçkiləri bu istiqamətdə bizim üçün daha önəmlidir. Çünki parlament seçkiləri daha çox namizədlə iştirak etməyə, namizədləri tanıtmağa və ölkə üzrə kampaniya aparmağa imkanlar və fürsətlər verir. Bu baxımdan vaxtında olsa belə, seçkilərə çox az vaxt qalır. Klassik yanaşma bundan ibarətdir ki, bir seçki bitəndə digərinə hazırlıqlar başlamalıdır. Ona görə də biz düşünürük ki, vaxtından əvvəl və ya elə noyabrda keçirilsə, seçkilərə hazırlığa başlamağın tam vaxtıdır. Biz bunu həm də bir örnək kimi etməyə çalışdıq ki, məsələni gündəmə gətirərək, digər siyasi partiyaları da seçkidə iştiraka təşviq üçün sanki bir yarışa başlamaq kimi qiymətləndirilsin. Bizim düşüncəmiz ondan ibarətdir ki, seçkilərdə nə qədər çox partiya və namizəd iştirak etsə, bir o qədər çox yüksək rəqabətli mühit yaranar. Bu da demokratik seçkilər üçü təməl formalaşdırar”.

Natiq Cəfərli seçkilərin keçirilməsi vaxtının daha çox referendumun olub-olmamasından asılı olaraq müəyyən ediləcəyini diqqətə çatdırıb:

“Əslində, dediyim kimi, parlament seçkiləri öz vaxtında keçirilsə, bu tarix noyabrda olmalıdır. Vaxtından əvvəl keçirilərsə, parlament buraxılmalıdır. Bilirsiniz ki, Bakıda 100-dən çox ölkənin rəhbəri və 80-90 min qonağın gəlməsi gözlənilən COP29 tədbiri keçiriləcək. Bunları nəzərə alaraq, parlament seçkilərinin daha erkən keçirilməsi daha məntiqli görünür. Çünki COP29 zamanı seçkilərin keçirilməsi müəyyən çətinliklər yaradacaq. Ona görə də, sırf texniki baxımdan, seçkilərin erkənə alınması mümkündür. Digər bir variant isə referendumun keçirilməsidir. Düşünürəm ki, əslində ölkəyə seçkilərdən də vacib olan referendumdur. Əgər konstitusiya islahatları olsa, onda seçkilər hətta gələn ilin fevralına da qala bilər. Amma dediyim kimi, bu referendumsuz mümkün deyil. Əgər referdum olacaqsa, bu həm idarəetməni, həm də parlament seçkilərinin vaxtını dəyişə bilər”.