Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
“Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içində ən az maaş alan məhz Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”, – deyə deputat bildirib.