“Ermənistanın baş naziri Nikol Paşinyan sadəcə danışmaqla məşğuldur. Ancaq reallıqda Paşinyan hakimiyyətinin Ermənistanla bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyəti demək olar ki, yoxdur”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, erməni baş nazir ABŞ, Avropa Birliyi və Fransanın icazəsi olmadan yekun sülh sazişini imzalaya bilməz:
“Paşinyana Qərbdən göstəriş və yaxud icazə verilməlidir ki, o sülh müqaviləsini imzalasın. Eyni zamanda, bu məsələ Zəngəzur dəhlizinə də aiddir. Paşinyan qeyd etdiyimiz dövlətlərin razılığı olmadan həmçinin Zəngəzur dəhlizinin açılmasına da razılıq verə bilməz. Zəngəzur dəhlizi isə hazırda ABŞ və Qərbin Rusiya ilə gərgin şəkildə mübarizə apardığı regional istiqamətdir. Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir, ABŞ və Qərb isə Rusiyanın bu dəhlizdə hər hansı bir iştirakını istəmir. Zəngəzur dəhlizi uğrunda ciddi mübarizə gedir. Ümumiyyətlə, Paşinyanın belə məsələlərdə fikirləri artıq çoxdan öz əhəmiyyətini itirib və heç bir önəm daşımır. Bu məsələlərdə Ermənistan hakimiyyəti əvəzinə Qərbdə qərarlar verilir və Paşinyan o təlimatlara əsasən real addımlar atmaq imkanı qazana bilir. Hələ ki, Paşinyan hakimiyyəti yalnız Qərbin təlimatı və əmrlərini yerinə yetirən müstəmləkə vəziyyətinə düşmüş Ermənistanın formal hökumətidir”.
//Gülnarə Abasova, Editor.az