Paşinyan artıq açıq etiraf etdi ki, “Dağlıq Qarabağ” AZƏRBAYCAN ƏRAZİSİDİR: Ermənistan cəmiyyətini də bu reallıqla barışmağa hazırlayırbackend

Paşinyan artıq açıq etiraf etdi ki, “Dağlıq Qarabağ” AZƏRBAYCAN ƏRAZİSİDİR: Ermənistan cəmiyyətini də bu reallıqla barışmağa hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni baş nazir Nikol Paşinyan bu dəfə də onlayn mətbuat konfransında bəzi önəmli məqamları, yeni geopolitik reallıqların şərtlərini Ermənistan cəmiyyətinə çox ehtiyatla, həm də keçmişdə baş verənlərə dayanaraq, izah etməyə çalışdı. Onun dediklərinə əsasən, artıq Ermənistan vətəndaşları yaxın vaxtlarda hansı proseslərin ön plana keçə biləcəyini təxmin edə bilərlər. Çünki erməni baş nazir öz həmvətənlərini tədricən həmin proseslərə hazırlamağa çalışır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi analitikin sözlərinə görə baş nazir N.Paşinyan birmənalı şəkildə Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamasının vacibliyini vurğulayır:

“Bunun üçün böyük hazırlıq işlərinin aparılmasının da lazım olduğunu bildirir. Yəni, müəyyən mənada, yekun sülh sazişinin məzmunundan narahat olanları da sakitləşdirməyə çalışır. Ancaq əsas odur ki, Ermənistan cəmiyyətinə yekun sülh sazişinin qaçılmaz olduğunu çatdırır. Eyni zamanda, N.Paşinyan yekun sülh sazişinin imzalanacağı təqdirdə, iki qonşu ölkənin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımaları ilə bağlı problemdən narahat olanlara da mövcud reallığı izah edir. O, bildirir ki, belə bir problem əslində, hazırda mövcud deyil, çünki Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü hələ 1992-ci ildən tanıyıblar. Erməni baş nazir bununla Ermənistan cəmiyyətinə sülh sazişi imzalanmadan əvvəl mesaj verir ki, ərazi bütövlüyünün tanınması ilə bağlı məsələdə ermənilərin məmnun qalmayacaqları problemlərə görə o deyil, məhz ondan əvvəlki hakimiyyətlər günahkardır. Xüsusilə də, erməni baş nazir beynəlxalq sənədlərə əsasən “Dağlıq Qarabağ”ın taleyinə görə də məsuliyyət daşımadığına eyham vurur: “Madrid prinsiplərində əlbəttə ki, özünütəyinetmə prinsipi yer alır. Ancaq unutmaq olmaz ki, həmin prinsiplərin sırasında ərazi bütövlüyü prinsipi də mövcuddur. Biz doğru addımlar atmaq üçün vəziyyəti düzgün təhlil etməliyik”. Ardınca da, erməni baş nazir 1991-ci ildə ratifikasiya olunmuş müqaviləni, “Dağlıq Qarabağ”ın danışıqlar prosesindən kənarlaşdırılması ilə bağlı İstanbul Xartiyasını, ATƏT-in Lissabon Bəyannaməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq, sadalayır. Eyni zamanda, vurğulayır ki, 2018-ci ilə qədər və ondan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə danışıqlar prosesində heç vaxt erməni ərazisi kimi yanaşılmayıb.
Ermənistan baş naziri N.Paşinyanın bütün bu dediklərinin mənasını anlamaq o qədər də çətin deyil. Erməni baş nazir bacardığı qədər açıq şəkildə demək istəyir ki, beynəlxalq hüquq normalarına görə, “Dağlıq Qarabağ” Azərbaycan ərazisidir və bu reallıqla barışmaqdan başqa çıxış yolu yoxdur. Bu, Paşinyan hakimiyyətinin Xankəndi və ətraf bölgədən tam imtina etməyə hazır olduğunu göstərən önəmli əlamət sayıla bilər. Erməni baş nazir sadəcə, bu addımı rəsmən atmaqdan əvvəl Ermənistan cəmiyyətini də bu reallıqla barışmağa hazırlayır”.

E. Xalidbəyli hesab edir ki, rəsmi İrəvan artıq tədricən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına yönəlik Ermənistan cəmiyyətində təbliğat-təşviqat prosesinə start verməkdədir:

“Bunun ardınca Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması da elə bir ciddi problem yaratmayacaq. Çünki, baş nazir N.Paşinyan artıq belə bir problemin olmadığını, Ermənistanın əvvəlki hakimiyyətlərinin Azərbaycanın ərazi bütövlüyünü vaxtilə rəsmən tanıdıqlarını xatırladır. Yəni, N.Paşinyan bütün bu məsələlərlə bağlı Ermənistan cəmiyyətinin verə biləcəyi sərt reaksiyanı elə indidən özündən əvvəlki hakimiyyətlərin – keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın üzərinə yönəltməyə çalışır. Bu prosesdə baş nazir N.Paşinyan özü üçün yalnız Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiyası, eləcə də bunun ardınca yekun sülh sazişinin imzalanması ilə bağlı siyasi məsuliyyəti saxlayır. Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, baş nazir N.Paşinyan bir tərəfdən Xankəndi və ətraf bölgənin Azərbaycana məxsus olduğunu dolayısı ilə etiraf edir, eyni zamanda, bunu Ermənistan cəmiyyətinə də qəbul etdirməyə çalışır. Digər tərəfdən, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü artıq çoxdan tanıdığına eyham vurur və rəsmi Bakı ilə münasibətlərdə belə bir problemin mövcud olmadığını gündəmə gətirib, ictimailəşdirir. Nəhayət, rəsmi İrəvanın yaxın vaxtlarda yekun sülh sazişinin imzalanmasında maraqlı olduğunu və bunun Ermənistan üçün daha böyük önəm daşıdığını qabartmağa çalışır. Bu isə o deməkdir ki, tezliklə yekun sülh sazişinin imzalanması istiqamətində konkret addımların atıla biləcəyi qətiyyən gözlənilməz deyil”.

//Gülnarə Abasova, Editor.az