“Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Paşinyan hər dəfə geniş ictimaiyyət qarşısında çıxışı zamanı Azərbaycana və Türkiyəyə yönəlik müəyyən pozitiv mesajlar verir və bu mesajlar sırasında ilk öncə bildirdi ki, Azərbaycanla sülh danışıqlarının keçirilməsinə razıdır, danışıqlara başlamaq üçün, o, öz tədbirlərini görür, digər tərəfdən nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regionun gələcəyi naminə atılacaq addım olduğunu bildirdi, daha sonra isə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı fikirlər söylədi. Çünki Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanır, davamlı olaraq Azərbaycanın mövqeləri atəşə tutulur. Son mesajında isə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirdi və münasibətləri sağlamlaşdırmaq istiqamətində addım atmaq təşəbbüsünü irəli sürdü”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, Ermənistan ordusunun müasirləşdirilməsində, müasir texnikanın alınmasında ciddi təmaslar qurur:
“Son təxribatdan, Azərbaycanın sərhəd qoşunlarının sərhəd naryadı yaralanandan sonra Gorus-Qafan yolu bağlanıldı və bu məsələyə aydınlıq gətirən Nikol Paşinyan qeyd olunan kəndləri Azərbaycan toponimləri ilə adlandırdı. Bunu da pozitiv mesajlar silsiləsinə aid edə bilərik. Lakin reallıqda Pasinyanın səmimiyyətinə inanmaq bir qədər çətindir. Çünki Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan davamlı olaraq rusiyalı həmkarı ilə təmasdadır. Hətta son məlumatlara görə Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri də öz rusiyalı həmkarı ilə görüşlər keçirəcək. Arşak Karapetyan isə həm iyul ayında, həm də avqustda Moskvaya səfərlər etmişdi və əldə olunan razılaşmalara görə Ermənistan ordusunun modernizasiyası və islahatlar paketi ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu, deməyə əsas verir ki, Ermənistan bir tərəfdən müsbət mesajlar verir, digər tərəfdən isə ordusunun müasirləşdirilməsində, müasir texnikanın alınmasında ciddi təmaslar qurur. Bunlar bir-birini tamamilə təkzib edən yanaşmalardır və buna görə də Paşinyanın növbəti pozitiv addım atması ilə bağlı verilən açıqlamalar səmimilikdən çox uzaqdır və bunu heç bir halda Paşinyanın regionda olan böyük güclər, xüsusi ilə də Türkiyə və Azərbaycanla münasibətləri müsbət məcraya çevirmək istiqamətində addımı kimi dəyərləndirmək mümkün deyil.
Əgər həqiqətən də Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və daha sağlam müstəviyə qaldırmaq istəyirsə, onda ilk növbədə 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsi həyata keçirilməlidir, digər tərəfdən 9-cu maddəyə görə nəqliyyat və kommunikasiya xətlərinin Ermənistan tərəfdə olan hissəsindəki tikinti-quruculuq işləri daha da intensiv şəkildə həyata keçirilməlidir, tikinti-quruculuq işləri məhz 40 km-lik ərazidə baş verməlidir. Amma bununla bağlı məlumatlar almırıq və bu, həm də üçtərəfli bəyanatın Ermənistan tərəfindən icra olunmaması anlamına gəlir. Ona görə də bu tipli bəyanatlar yalnız publika üçün edilmiş bəyanatlardır. Regional müstəvidə Ermənistan hakimiyyətindən istənilən mesajlardır, lakin bunun həyata keçirilməsini biz gələcəkdə görə bilərik. Əgər əməli-praktiki fəaliyyətlə Paşinyanın dedikləri üst-üstə düşsə, onda onun səmimiyyətinə inanmaq olar”.
//milli.az

