Paşinyan bilir ki, gedəcək, ona görə də Rusiyaya zərbə vurur – Politoloqbackend

Paşinyan bilir ki, gedəcək, ona görə də Rusiyaya zərbə vurur – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətlə üzləşən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya istehsalı olan silahların yararsız olduğuna dair fikirlər səsləndirib. Hökumət başçısının sözləri Rusiya tərəfdən sərt reaksiya ilə qarşılanıb. Rusiyalı hərbi ekspertlər və politoloqlar Paşinyanı qabiliyyətsiz və qanmaz adlandırıb.

Maraqlıdır, Paşinyanın bu bəyanatı daxili auditoriyaya hesablanıb, yoxsa o, Rusiyaya meydan oxuyur? Rəsmi Moskvanın cavabı nə olacaq?

Məsələni Yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli qeyd edib ki, Paşinyan sadəlövhdür, ona görə  də həqiqətləri deməkdən çəkinmir:

“Paşinyan o fikirləri səsləndirməyə də bilərdi. Amma onun qənaətincə, Ermənistanın məğlub olmasında Rusiya silahlarının yararsız olması əhəmiyyətli rol oynayıb. O, bu fikirdədir ki, xüsusilə, “İsgəndər” tipli raketlərin çoxu atılan hədəfdə partlamayıb və ya Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib. Əslində, Paşinyanın bu çıxışı Rusiyaya meydan oxumaq deyil. Sadəcə o, bir az sadəlövh insandır. Eyni zamanda həqiqətləri deməkdən çəkinmir”.

Politoloq hesab edir ki, Nikol Paşinyan siyasi manevr etməyi bacarmır:

“Rusiyanın verdiyi silahlar arasında təkcə “İsgəndər”lər deyil, hava hücumundan müdafiə sistemlərinin heç biri müharibədə sınaqdan çıxmadı, ya silahlar köhnədir, yəni Sovet dövründən qalıb, ya da silahların texniki göstəriciləri lazımi səviyyədə deyil. Bundan əvvəl  Ermənistan ordusunun baş qərargah rəisi də eyni sözləri deyirdi, indi onu həbsə atıblar. O, “İsgəndər”lər başda olmaqla Rusiya silahlarının döyüşə yararsız olduğunu iddia etmişdi. Məlumdur ki, bundan əvvəl Liviya və Suriyada da Rusiyanın S-300-ləri, ümumiyyətlə, hava hücumundan müdafiə sitemlərinin hamısı Türkiyənin Bayraktar-2 PUA-ları tərəfindən asanlıqla sıradan çıxarıldı. Paşinyan indi, “Mən gələnə qədər Robert Köçəryan və Sarkisyan ordunu hazırlamışdı, “İsgəndər”ləri də almışdı və onlar özünü doğrultmadı, bunun səbəbkarı kimdirsə, onun üzərinə keçmək lazımdır”,-deyir. Yəni Paşinyan özünü müdafiə taktikasına əl atır”.

Həmsöhbətimiz hesab edir ki, Paşinyan hər şeyi gözə alaraq bu çıxışı edib:

“Onsuz da hakimiyyətdən gedəcəyini bilir, ona görə də Rusiyanın silah prestijinə güclü zərbə vurdu. Rusiya onun getməsinin tərəfdarıdısa, bunun özü də Rusiyaya qarşı ittihama çevrilə bilər. Siyasətdə səmimiyyət, doğruluq özünü doğrultmur. Rus siyasətçiləri kimi, riyakar və ikiüzlü olmaq daha əlverişlidir. Yaxud o, Robert Köçəryan və ya Sarkisyan kimi yüzüzlü olmalıdır ki, siyasət meydanında davam gətirsin. Mənim Paşinyana sadəcə olaraq yazığım gəlir”.