Paşinyan bu fikirləri təsadüfi səsləndirmir: “Əgər fikirlərində səmimidirsə…”backend

Paşinyan bu fikirləri təsadüfi səsləndirmir: “Əgər fikirlərində səmimidirsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan dekabrın 3-də parlamentdə çıxış edərkən deyib ki, Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər. “90-cı illərin əvvəllərindən bəri müxtəlif – hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”.

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında erməni baş nazirin bu fikirlərlə hakimiyyətinin gələcək taleyinə kapital qoyduğunu qeyd etdi:

“Paşinyan bu fikirləri təsadüfi səsləndirmir. O, əslində bununla özündən əvvəlkilərin yürütdüyü siyasətin xalqı hansı uçuruma apardığını vurğulayır. Bununla həm də hakimiyyətinin gələcək taleyinə kapital qoyur, yəni “baxın mən hakimiyyətdən getsəm, keçmişinizi düşünün, o bəlaları bir daha yaşayacaqsız…”. Paşinyan həm də hazırda Ermənistanda revanş hissi ilə alışıb-yanan, daha çox müxalifətdə təmsil olunan qüvvələri də gözdən salır, bir növ onların nüfuzunu xalq arasında daha da aşağı salır. Onsuzda erməni xalqı artıq müharibə istəmir, çünki Dəmir Yumruğun gücünü görüblər. Növbəti dəfə o Yumruğun zərbəsini dadmaq istəmirlər. II Qarabağ savaşında darmadağın olandan sonra yenə də hakimiyyətdə olan Paşinyana dəstək vermələri, onun seçkiləri udması bunun bariz sübutudur”.

Partiya funksioneri bir maraqlı məqamı da önə çəkərək qeyd etdi:

“Erməni baş nazir Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olmasının ancaq və ancaq Ermənistana ciddi zərər vurduğunu xalqına çatdırır. Bununla bir növ yenə də gələcəyə stavka edir. Artıq sülh sazişinə imza atmaqdan başqa yolunun qalmadığını çox yaxşı görür. Düşünürəm ki, belə fikirlərlə xalqını həm də indidən sülhə hazırlayır. Xalqına mesaj verir ki, qonşu ölkələrlə nə qədər münaqişə yaşasaq, dolanış vəziyyətiniz ağırlaşır, nə qədər dilənmək olar… Regional siyasətin ən nəhayət dəyişməsinin mesajları verilir. Bir daha Qarabağ canilərinə, yəni keçmiş prezidentlər-Robert Köçəryan və Serj Sərkisyana arxa çevirməməyə çağırış var. Təsadüfi deyil ki, Paşinyan xalqının bu düçara düşməsinin 80% yanlışını Ermənistanın ətrafla münaqişəli münasibətlərində və yürüdülən regional siyasətdə görür. Bu çox şeyi deyir…”.

Müsahibimiz Nikolun açıqlamalarında hiylə də görür:

“Erməni hiyləgərliyindən heç kəs və heç bir dövlət sığortalanmayıb. Bu tarix boyu belə olub. Burada da öz aləmində Nikol hiyləgər gediş düşünə bilər. Amma dediyimiz kimi bıçaq sümüyə dirənib. Bəlkə də düşünür ki, belə fikirlərlə qarşı tərəflərə, eləcə də bütün dünyaya göstərim ki, baxın mən bu bəlaların kökündə Ermənistanın keçmiş rəhbərlərinin yürütdüyü siyasəti görürəm, regional siyasətimizin dəyişməsinin vacibliyini önə çəkirəm, Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsini önəmli sayıram, sadəcə mənə zaman lazımdır. Əgər belədirsə, hesab edirəm ki, yanılır. Artıq Ermənistan tərəfə heç bir vaxt verilə bilməz. Əgər Paşinyan dediklərində səmimidirsə, o zaman sülh müqaviləsinə Azərbaycan tərəfin irəli sürdüyü şərtlər daxilində imza atsın, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsin. Zatən əvvəl-axır bunu edəcək”.

//Gülnarə Abasova, Editor.az