“Böyük Britaniyada Nikol Paşinyanın Azərbaycanla görüşdən imtina etməsi Ermənistanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilməsinin təzahürüdür. Azərbaycan hər zaman sülh gündəliyinə sadiqdir və ona görə də Olaf Şoltsun təşəbbüsü ilə Almaniyada belə bir görüş baş tutmuşdu. Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsi üçün dövlət başçıları görüşlər keçirməli və müəyyən məsələlər ətrafında müzakirələr aparılmalıdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, ikitərəfli görüşlər sayəsində iki ölkə arasında sülh gündəliyi kifayət qədər irəli aparılıb:
“Bu baxımdan gündəlikdə sual doğuran məsələlər yenidən müzakirə olunmalı və razılaşdırılmalıdır. Ermənistan isə görür ki, sülh müqaviləsi ilə bağlı razılaşmalar başa çatmaq üzrədir və ona görə də cənab Prezident İlham Əliyevdən qaçaraq görüşdən imtina etdi. Bu görüş də baş tutsaydı, biz sülhə daha da yaxınlaşa bilərdik. Amma Ermənistan sülhdən geri çəkildi. Bütün dünya gördü ki, Ermənistan sülh istəmir və yenidən müharibə baş verəcəyi təqdirdə bütün məsuliyyət Paşinyanın üzərində olacaq”.
A. Badamov onu da qeyd edib ki, bu gün sülh Ermənistana hamıdan çox lazımdır:
“Ona görə də cənab Prezidentimizlə görüşmək üçün Paşinyan özünü öldürməlidir. Amma biz Oksfordda bunun əksini gördük. Sual olunur ki, Paşinyan Prezident İlham Əliyevlə görüşə niyə razılaşmadı? Bu sualın yeganə cavabı odur ki, Ermənistan müstəqil siyasət apara bilən ölkə deyil. Bu baxımdan Makronun Paşinyana Prezident İlham Əliyevlə görüşməyə icazə vermədiyini hesab edirəm. Yəni, Paşinyanı idarə edirlər və onun xozeyinləri ona icazə verməmiş bir addım belə ata bilmir. Fransa üçün isə Cənubi Qafqazda sülh lazım deyil. Çünki ABŞ və Fransa Ermənistanı silahlandırmaqla, hərbi təlimlər keçirtməklə Cənubi Qafqazda müharibəni yenidən alışdırmasına və özlərinin gəlməsi üçün şəraitin yaranmasına çalışır. Paşinyanın görüşdən imtina etməsində başqa bir səbəbi görmürəm. Sonda qeyd etmək istəyirəm ki, bizə minnətçi sülh lazım deyil. Bu baxımdan indi Ermənistanın bizə yalvaracağı təqdirdə sülh danışıqlarının davam etdirilməsinə razı ola bilərik. Əks halda Ermənistan təcrid olunmuş vəziyyətdə tənəzzülə getməkdə davam edəcək”.
//Gülnarə Abasova, Editor.az

