“Ermənistan öz ərazisinə kimi istəsə dəvət edə bilər. Bu təhlükəsizlik konsepsiyası Vətən müharibəsindən sonrakı dövrdə tamamilə darmadağın olan Ermənistanı qətiyyətlə xilas etməz”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana monitorinq missiyası göndərəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan gah Avropa, gah İran, gah da KTMT-dən yardım dilənməklə Azərbaycana qarşı təzyiq yarada bilməyəcək:
“KTMT-ə üzv olan ölkələrin rəsmi Bakıya olan münasibətləri Ermənistanla olan münasibətlərdən qat-qat üstündür.
Belə bir missiyanın rəsmi İrəvana gəlməsi heç nəyi dəyişməyəcək. Bu, missiyanın Rusiyanın nəzarəti altında olduğunu nəzərə alsaq Ermənistanda 102-ci bazanın qorunması və daha uzunmüddətli qalmasını təmin etmək üçün atılmış addımdır”.
Ekspert KTMT ilə rəsmi İrəvan arasında sıx əlaqələr olduğuna diqqət çəkib:
“Bu faktorların heç biri Vətən müharibəsi və ondan sonrakı dövrdə heçnəyi həll etmir. Göndərilən 30 nəfərlik monitorinq missiyasının Azərbaycana qarşı heç bir şəkildə istifadə ediləcəyini zənn etmirəm. Müxtəlif istiqamətlərdən Azərbaycan ərazisinə gətirilən monitorinq missiyasının Ermənistana gətirilməsi sonda həmin ölkəni Suriyaya çevirə bilər”.
//Safura Bənnayeva, Editor.az

