Paşinyan çətin durumda – Bakı Kişinyov görüşünə razılıq verməyib?backend

Paşinyan çətin durumda – Bakı Kişinyov görüşünə razılıq verməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ciddi-cəhdlə Brüsseldən sonra Kişinyov görüşünün keçirilməsinə israr edir. Çünki Paşinyan Vaşinqton və Brüssel görüşlərində əldə edə bilmədiyini Kişinyovda reallaşdırmaq istəyir. Təbii ki, ortaya soxmağa çalışdığı Fransa Prezidenti Emmanuel Makronun vasitəsilə…”

Bu sözləri politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, hətta bəzi məlumatlarda Ermənistanın baş naziri Brüssel görüşünün baş tutması üçün Kişinyov görüşünü əsas şərt kimi irəli sürüb:

“Azərbaycan isə Kişinyov görüşündə ciddi maraqlı deyil. Elə məhz Makronun orada iştirak edəcəyini əsas götürərək. Azərbaycan Prezidenti Fransa rəhbərinin ədalətli vasitəçi imicini çoxdan itirdiyini dəfələrlə bəyan edib. Onun yenidən masada oturması Azərbaycan tərəfindən qəbul edilməzdir. Məhz buna görə də Paşinyan Brüsselə getmək üçün İlham Əliyevi Kişinyov görüşündə iştirak etməyə razı salmağa çağırıb. Əks təqdirdə o, Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunacaq görüşdən imtina edəcəyini vurğulayıb. Bu yaxınlarda verdiyi bəyanatda Brüssel görüşündən “hələ imtina etməmişəm” deyə bildirib. Deməli, imtina edə bilərmiş.

Azərbaycan isə Avropa İttifaqı rəhbərliyindən gələn çağırışlara baxmayaraq, Kişinyov görüşü ilə bağlı qərar qəbul etməyə hələ tələsmir və ya istəmir. Çünki bu formatı rədd etmək Brüssel görüşünü də təhlükəyə salmaq olardı. Paşinyan isə qalıb asılmış vəziyyətdə. Brüsselə getsin-getməsin? İlham Əliyevdən Kişinyovun razılığını almadan Brüsselə gedərsə, vəziyyəti bir qədər də çətinləşəcək. Çünki Vaşinqtondakı uğursuzluqlar onları daha da uçuruma salacaq”.

Bu arada, Bakıdan xəbər çıxmadığına baxmayaraq, Ermənistan mətbuatında gedən xəbərlərə görə, Avropa İttifaqı rəsmiləri Azərbaycan və Ermənistan liderlərinin təkcə Brüsseldə deyil, Moldovada da Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə görüşəcəkləri ilə əlaqədar razılaşma barədə xəbər verir. Əlimusa İbrahimov bu məqama belə aydınlıq gətirib:

“Azərbaycan tərəfindən rəsmi şəkildə təsdiq olunmayan məlumatın Avropa İttifaqı rəsmisi necə təsdiq edir, məlum deyil. “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında deyildiyi kimi, biz bir daha vurğulamaq istəyirik ki, Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşəcəyi barədə razılıq var, eyni zamanda Kişinyovda Almaniya kansleri Şolz və Fransa prezidenti Makronun iştirakı ilə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüş keçiriləcək” , – Mişelin sözçüsü Azadlıq Radiosuna müsahibəsindəki bu məlumatında böyük ehtimalla Azərbaycandan başqa digər tərəflərin artıq görüşə razılıq verdiklərini bildirmək istəyir və bununla da Azərbaycanı da razılıq vermiş kimi göstərirlər.

Amma bütün bu cəhdlərə baxmayaraq Kişinyov görüşü bizim üçün ciddi əhəmiyyət kəsb etmir və Ermənistanın yalvarması ilə Makronun Avropa-Brüssel  görüşlərinin formatını dəyişmək cəhdi uğursuzluğa düçar olacaq. Çünki bunu Azərbaycan istəmir. Prezident İlham Əliyevin bir neçə il bundan əvvəl elan etdiyi hücum diplomatiyası elə budur və bu taktikanın uğur qazandığı göz önündədir”.

Globalinfo.az