“Azərbaycanın öz mövqelərini istər siyasi, istər iqtisadi, istərsə də hərbi aspektdən möhkəmləndirməsi, imperialist qüvvələri və onların Qafqazdakı forpostu olan Ermənistanı bərk narahat etməyə başlayıb”.
Bunu Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.
O bildirib ki, Türkiyə Prezidenti Ərdoğanla birgə imzalanan Şuşa bəyannaməsindən sonra özünü sülhməramlı adlandıran Qarabağda müvəqqəti yerləşdirilmiş rus hərbi kontingentinin xeyir-duası ilə Ağdam təxribatı, Naxçıvanla Ermənistan sərhədindəki olaylar gözlənilən idi:
“Lakin rus sülhməramlıların gözü qarşısında Şuşadakı hərbi mövqelərimizə atəş açılması bütün əndazələri aşdı. Prezident İlham Əliyevin iqisadi zonalar haqqında zamanında imzaladığı fərmanda Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi, həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması xam xəyallarda olan erməniləri təxribatlara əl atmağa sövq etdi”.
AY Partiya Başqanının sözlərinə görə Rusiya Dövlət Dumasının seçkilər öncəsi ölkədaxili qlobal problemlərdən seçicilərin diqqətini yayındırmaq üçün bu erməni təxribatlarına pərdəarxası dəstəyi açıq sezilir:
“Hələ də Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyanın hərbi fiaskodan sonra iqtisadi tənəzzülün dərinləşməsi fonunda qalib ölkə kimi iddialı şərtlər irəli sürən Azərbaycanla danışıqlar aparmağa, üstəlik sülh müqaviləsi imzalamağa nə hazırlığı, nə də istəyi var. Rusiyanın hərbi dəstəyi ilə Aİ-nın maliyyə dəstəyi arasında hələ də başını dik qaldırmağa cürət etməyən Paşinyan mövcud reallıqlarla barışaraq, ölkəsini bu çöküşdən yağlı vədlərlə deyil, regionda sülhün və kommunikasiya xətlərinin açılmasında olduğunu anlamalıdır. Zaman səhvləri bağışlamır”.
//Gülnarə Abasova, Editor.azə

