“Paşinyan erməni diasporunun təsirindən qurtulmağın yollarını axtarır”-AÇIQLAMAbackend

“Paşinyan erməni diasporunun təsirindən qurtulmağın yollarını axtarır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci ildə Ermənistan ordusunun rəhbəri kimi Azərbaycan ordusuna məğlub olan, kapitulyasiya aktını imzalayan şəxsdir. 2 ildən çox vaxt keçsə də 44 günlük Vətən müharibəsinin nəticələrini unuda bilməz. Paşinyanın bu cavabı onun fikrinə görə “diplomatik manevrdir””.

Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa nəşrinə müsahibəsində “Sülh müqaviləsi imzalanmadıqca və parlamentlər tərəfindən ratifikasiya edilmədikcə Azərbaycanla müharibə kifayət qədər realdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, N.Paşinyan 2022-ci il oktyabrın 6-sında Avropa Siyasi birliyinin ilk Zirvə toplantısı zamanı dördtərəfli görüşdə Alma-Atı bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirib:

“Bununla yanaşı təşkil olunan bir sıra görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü tanıdığını bildirib. Bu fikirləri səsləndirən Nikol Paşinyan indi belə mövqedən çıxış edirsə, bu, artıq erməni diasporu və lobbi təşkilatlarının təsirindən qurtulmaq üçün atılmış addımdır. Ötən il oktyabrın 6-da baş tutan görüşdən sonra Fransa prezidenti Emannuel Makron N.Paşinyana qarşı erməni diasporu ilə birgə fəaliyyətə başlayıb. Çünki onun tamamilə fərqli planları var idi. Həm Ermənistan, həm də Azərbaycan ərazilərinə Aİ missiyası adı altında Fransa jandarma qüvvələrini yerləşdirməyə can atırdı. Lakin bu istəyinə nail ola bilmədi”.

Politoloqun fikrincə, Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına getməkdən başqa yolunun olmadığını yaxşı bilir: “Buna görə ölkəmizin ərazi bütövlüyü, sərhədlərin delimitasiya və demarkasiyası məsələsini dilə gətirir. Bir sıra qüvvələr, erməni diasporu Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında maraqlı deyil. Buna görə də tərəflər arasında münasibətlərin gərginləşməsi istiqamətində addımlar atırlar. Nikol Paşinyan öz dövlətinin, xalqının gələcəyinə töhfə vermək istəyirsə, bu kimi qüvvələrin təsiri altında qalmamalıdır. Əksinə ölkə başçısı kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir “.

//Safura Bənnayeva, Editor.az