Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Erməni mediasınin məlumatına əsasən, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, dövlətlər arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi ilk baxışdan göründüyü kimi tez baş verə biləcək bir məsələ deyil:
“Cəmiyyətə müəyyən mesajlar verən dırnaqarası siyasətçilər, siyasi analitiklər var ki, bu prosesin yaxın müddətdə bitəcəyini bildirirlər. Amma bu belə deyil, delimitasiya və demarkasiya məsələsi uzun prosesdir. Çünki Azərbaycan və Ermənistan arasında sərhədin perimetri təqribən 1000 km-dir. 30 illik çox ağır siyasi münaqişədən sonra, bu sərhədlər müəyyənləşməlidir. Əvvəlcə sərhədlərin necə müəyyənləşməsi məsələsi aydınlıq tapmalıdır. Hansı xəritələr əsasında bu sərhədlər çəkilibsə, BMT tərəfindən 1991-ci ildə tanınıbsa o istiqamətdə işlər aparılmalıdır”.
Elçin Alıoğlunun sözlərinə görə, Ermənistan prosesləri mümkün qədər uzatmaq, ildən-ilə keçirmək məqsədi yeridir:
“Faktiki sərhəd haradadırsa biz oradan başlamalıyıq. Faktiki sərhəddin pozulduğu yerlər var, Kəlbəcər, Laçın, Zəngilan, Qazax rayonları və Naxçıvan Muxtar Respublikasının Nüvədi kəndi..Bütün bu ərazilər Ermənistan tərəfindən ilhaq olunub. Sərhədlərin müəyyənləşməsi prosesi Rusiyanın vasitəçiliyi ilə iki dövlət tərəfindən yaradılmış üçtərəfli komissiyada gedir. Ermənistandakı revanşist qüvvələrin bütün bəyanatlarına, İran, Fransa, ABŞ-ın prosesə kobud müdaxilə etmək istəklərinə rəğmən bu proses davam edir. Çünki sərhədlərin müəyyənləşdirilməsi Ermənistanın indiki hakimiyyəti üçün siyasi mövcudluq məsələsidir. Sərhəd müəyyənləşməsə, nəqliyyat-kommunikasiya xətlərinin açılması, münasibətlərin normallaşması bir qədər absurd təsir bağışlayır”.
E.Alıoğlu qeyd edir ki, Paşinyan zahirən Ermənistanın daxili mənfəətinə hesablanmış bəyanatlar versə də, sərhədlərin müəyyənləşməsində maksimum maraqlı olan şəxsdir:
“Bundan əlavə Rusiya,Türkiyə, Çin və İran sərhəd məsələsinin müəyyən qədər tez həll olunmasını tələb edərək Ermənistana təziq edirlər. Ermənistan əvvəl qonşu dövlətlərə ərazi iddiaları irəli sürüb, Azərbaycan torpaqlarının 20%-ni işğalda saxlayıb, Kəlbəcər və Laçın rayonunu guya o vaxtkı Dağlıq Qarabağ və Ermənistan arasında nəqliyyat dəhlizi olaraq saxlamaq siyasəti yeridib. Amma indi Nikol Paşinyanın hakimiyyətdə qalmasının əsası sərhədlərin müəyyənləşib, münasibətlərin normallaşmasından asılıdır. Bu proses nə qədər tez olarsa, Paşinyan hakimiyyəti o qədər güclü olacaq. Çünki biz Paşinyanı bəyənməyə bilərik. O idiotdur, bisavaddır, siyasətdə yeri olmayacaq bir adamdır. Amma bununla yanaşı, Paşinyan Ermənistanın xilaskarıdır. Biz bunu çox sonra başa düşəcəyik, amma ermənilər ümumiyyətlə başa düşmürlər ki, Paşinyan onları gələcəyə aparır. Paşinyan erməniləri əsrlərlə sitayiş etdikləri yaramaz millətçilik, şovinizm, daşnak ideyalarından qurtara bilən adamdır. Paşinyan fenomeninin sirri də məhz budur ki, müharibədə uduzur, ordusu darmadağın olur, iqtisadiyyatı iflic vəziyyətdədir, müxalifət həddən artıq güclüdür, ona qarşı super güclər oynayır, amma o parlament seçkilərində ikinci dəfə qalib gəlir. Bunun səbəbi odur ki, Ermənistan xalqı 30 illik səfalətdən, aqressiyadan bezib. Ermənistan xalqı əsrlərdən sonra normal insan həyatı yaşamaq istəyir. Onlar bilir ki, Azərbaycana qarşı revanşizm davam edərsə, indiki Sünik adlandırdıqları Qərbi Zəngəzuru birmənalı olaraq itirəcəklər. İranın da təşvişinin səbəbi budur ki, onlar Azərbaycanın hərbi, iqtisadi, geosiyasi və mənəvi potensialını çox yaxşı bilir. Məhz buna görə Ayətullah Xameni bildirir ki, Zəngəzur məsələsi İranın qırmızı cizgisidir. Sirr budur”.
//Safura Bənnayeva, Editor.az

