“Paşinyan hakimiyyətinə qarşı ETİRAZLAR daha da artacaq, lakin artıq vəziyyət daha fərqlidir”- Politoloqla MÜSAHİBƏbackend

“Paşinyan hakimiyyətinə qarşı ETİRAZLAR daha da artacaq, lakin artıq vəziyyət daha fərqlidir”- Politoloqla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Asif Nərimanlı ilə müsahibəni təqdim edir:

-Asif bəy, artıq iki gündür ki, Ermənistanı etiraz aksiyaları bürüyüb. Son vaxtlar artan bu etirazların əsas səbəbləri nədir?

-İrəvanda baş verən etiraz aksiyaları Brüssel səfərindən öncə başlanan və bu görüşdən əldə olunan razılaşmalardan daha da qızışan proseslərin tərkib hissəsidir. Ermənistan müxalifəti artıq qəbul edib ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı razılaşıb. Nikol Paşinyanın açıqlamaları da göstərir ki, Bakının tələb etdiyi 5 əsas prinsip artıq hazırlanan sülh sazişinin bazası kimi qəbul edilib. Bunun da əsasında qarşılıqlı olaraq iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması durur. Eyni zamanda, Qarabağ separatçılarının taleyi məsələsi də danışıqlarda xüsusi yer alır. Razılaşmalar onu göstərir ki, Ermənistan tərəfi “status”məsələsini arxa plana keçirib. Bu, o demək deyil ki, Ermənistan Qarabağdan əl çəkir, sadəcə artıq Paşinyan hakimiyyəti anlayır ki, “status” Bakının qırmızı xəttidir. O cümlədən, ərazi bütövlüyümüz tanınırsa, bu məsələ gündəmdən çıxarılmalıdır. Bu baxımdan Ermənistan erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının qorunması ilə bağlı Azərbaycandan təminat istəyə bilər. Azərbaycan isə buna hər zaman hazırdır. Çünki rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu və onların təhlükəsizliyinə tam zəmanət veriləcəyini açıqlayıb. Azərbaycanda digər milli, etnik azlıqlar kimi onların da hüquqları qorunacaq. Lakin bu, artıq ordakı separatizmin, terrorçu rejimin ləğvi və Qarabağda Azərbaycan idarəçiliyinin tam bərpası ilə bağlı prosesin başlanğıcı deməkdir. Bunu isə Ermənistan müxalifəti, erməni diasporu və keçmiş Qarabağ klanı qəbul etmir. İrəvandakı etiraz kampaniyası Brüssel görüşü öncəsi və sonrasında erməni diasporu, daşnaklarının təşkilatçılığı ilə həyata keçirilir. Çünki bu məsələnin həlli uzun illər qondarma ideologiya üzərində qurduqları siyasətin də sıradan çıxması, Ermənistanın yellənməsi deməkdir. Bu, gözlənilən idi.

-Sülh sazişinin imzalanmasından sonra Ermənistanda hakimiyyət çevrilişi baş tuta bilərmi?

-Azərbaycan və Ermənistan arasındakı sülh sazişi ilə bağlı danışıqlar irəlilədikcə Ermənistanda etirazlar çoxalacaq, Paşinyan hakimiyyətinə qarşı təxribatlar olacaq. Bu prosesdə A.Vanesyanın aktivləşməsi də ciddi maraq doğurur. Çünki məlum olduğu kimi Vanesyan Paşinyan komandası ilə hakimiyyətə gəlib və Rusiyaya yaxınlığı ilə seçilib. Sonradan isə müxalifət tərəfinə keçdi. Koçaryan və digər müxaliflərlə yanaşı, Vanesyanın aktivləşməsi bir sıra mətləblərdən xəbər verir. Vanesyan hal-hazırda Serj Sarkisyanla eyni koalisiyada yer alır. İstisna deyil ki, Serj Sakisyan prosesə daha aktiv qoşulub. Ermənistanda müharibədən sonrakı dövrdə daxili siyasi proseslər Koçaryan və Sarkisyanın ortaq məxrəcə gəlmədiyini göstərdi. Onlar ayrı-ayrı istiqamətlərdə öz qüvvələri ilə mübarizə aparmaq istəyirlər. Qarabağ məsələsi həm də erməni diasporu və Qarabağ klanının mövcudluğu ilə yanaşı, Koçaryan və Sarkisyanın bu məsələ üzərindən siyasətdə qalaraq daha çox xal qazanmasına hesablanıb. Keçmiş “Qarabağ klan”ı daxilində Serj Sarkisyan qanadı Vanesyanın aktivləşməsi ilə görünür, prosesə daha çox müdaxilə etməyə çalışır. Buna paralel olaraq Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun üzvləri də aktiv fəaliyyət göstərənlər sırasındadır. Bu, hakimiyyətlə müxalifətin mübarizə ilə yanaşı, həm də “Qarabağ klan”ı içərindəki mübarizənin təzahürləridir. Ermənistanda indiyə qədər baş verən iki hadisə göstərir ki, Qarabağ məsələsi daxili siyasətin həllində vacib rol alır. Birincisi, 1990-cı illərin sonlarında Levon Petrosyanın devrilməsi, parlamentin güllənməsi hadisəsi, ikincisi aprel döyüşlərindən sonra Serj Sarkisyanın hakimiyyətdən devrilməsidir. 2016-cı ildə baş verən aprel döyüşləri Sarkisyan hakimiyyətinin devrilməsinin başlanğıcı oldu. Aprel döyüşlərindən sonra Avropa və Rusiya masasında keçirilən görüşlərdə Qarabağ ətrafı rayonların qaytarılması ilə bağlı şifahi razılaşmaların əldə olunması Serj Sarkisyanın hakimiyyətdən getməsinə səbəb oldu. O, prosesin həllə doğru getdiyini gördüyü üçün hakimiyyətdən könüllü olaraq getdi. Bu baxımdan növbəti proseslərin Paşinyan hakimiyyətinə qarşı təhlükə yaradacağı artıq bəllidir.

– Aksiyalar xalq tərəfindən ciddi dəstək ala bilərmi?

– İndi Ermənistanda vəziyyət əvvəlki dövrlərlə müqayisədə bir qədər fərqlidir. Çünki ikinci Qarabağ savaşından sonra erməni cəmiyyətinin düşdüyü vəziyyət göstərdi ki, artıq Ermənistanda bununla bağlı fikir ayrılıqları yaranıb.Bu da Ermənistan parlamentindəki son seçkilərdə daha aydın ortaya çıxdı. Nikol Paşinyanın 50 faizdən çox səs toplaması ilə müharibə əleyhdarlarının daha güclü mövqedə olduğu müşahidə edildi. Yəni, cəmiyyətin 50 faizdən çoxu müharibə yox, Azərbaycanla münasibətlərin normallaşmasını istəyir. Müharibədən sonra Qarabağdan qayıdan ermənilərə qarşı münasibət, son hadisələrdə separatçı terrorçularının qondarma əski parçalarına qarşı atılan addımlar da bunu aydın şəkildə sübut edir. Bütün bunlar göstərir ki, artıq Ermənistan cəmiyyətinin böyük hissəsi uzun illər problemə çevirdikləri bu məsələdən imtina etməyə hazırdır. Əgər daha sərt formada Paşinyan hakimiyyətinə qarşı təxribatlar olarsa, kütləvi etiraz aksiyaları böyüyərsə Paşinyan ən yaxşı bacardığı addımı ataraq öz tərəfdarlarını küçəyə tökəcək və qarşı tərəfi məğlub edəcək. Çünki indiyə qədərki proses göstərir ki, Paşinyanın tərəfdarları belə bir potensiala sahibdir. Paşinyan əlindəki inzibati resurslarla bunu daha yaxşı bacara bilər. O baxımdan hələ ki, Ermənistanın daxili siyasətində daha kəskin mübarizənin başladığı dövrdür. Lakin əvvəlki dövrlərlə müqayisədə Paşinyan hakimiyyətinin əlində əlavə rıçaqlar var. Artıq Ermənistan cəmiyyəti də əvvəlki cəmiyyət deyil. Bu Paşinyanın əlini gücləndirə və bu cür təxribatların qarşını almağa imkan yarada bilər.

//Gülnarə Abasova, Editor.az