“Paşinyan hakimiyyətini itirəcək”-üçlü siyasətin məqsədi nədir?- ŞƏRHbackend

“Paşinyan hakimiyyətini itirəcək”-üçlü siyasətin məqsədi nədir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasətində yürütdüyü “üçlü siyasət” özünü açıq şəkildə büruzə verməyə başlayıb. Erməni baş nazir Amerika başda olmaqla Qərb ölkələri ilə sıx münasibətlər qurmağa çalışır. Eyni zamanda, cənub qonşumuz İranla yaxın münasibətlər yaradılıb. Rusiyadan isə, tam qopmamaq xəttinə üstünlük verilir.

Maraqlıdır, görəsən erməni baş nazirin bu siyasəti nə vaxta qədər davam edəcək? Çünki Amerikanın Rusiya və İranla münasibətləri məlumdur. Həmçinin bu iki ölkənin Qərb dövlətləri ilə soyuq münasibətləri də hər kəsə bəllidir…

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiyanın sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslının fikrincə, Paşinyanın bu cür siyasət yürütməsi gözlənilən idi:

“Erməni baş nazir Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra sülh müqaviləsinin imzalanmaması üçün bütün yollara baş vurur. Bu yollardan biri də beynəlxalq güclər arasında manevr etməkdir. Düşünürəm ki, bu müvəqqətidir. Sülh sazişi əldə olunan kimi Paşinyanın seçim etməkdən başqa yolu qalmayacaq. Heç şübhəsiz ki, burada Rusiya-Ukrayna savaşının da təsiri az deyil. Yəni, erməni nazir mövcud vəziyyətdən yararlanmağa cəhd edir. Amma istənilən halda Kremlin nəzarəti yenə Ermənistanın üzərindədir. Bir anda olsun prosesləri diqqətdən qaçırmırlar. Çünki yaxşı bilirlər ki, Ermənistan nəzarətdən çıxsa, Rusiyanın bütövlükdə Cənubi Qafqazda ən mühüm riçarq əldən çıxacaq. Buna isə şimal qonşumuz heç zaman imkan verməz. Amerikaya gəlincə, Ermənistanın hazırkı davranışları Vaşinqtonu qane edir. Yəni, İrəvanın Tehranla yaxınlığında Amerika ciddi təhlükələr görmür. Çünki yaxşı bilir ki, Paşinyan son iki güc arasında seçim etməli olacaq, bu ya Rusiya, ya da ABŞ olacaq. Paşinyanın “bir əldə iki qarpız tutmaq” siyasətinin sonuna az qalıb. Yekunda Ermənistan yenə də Rusiya xəttini götürəcək. Çünki forpostu olduğu ölkədən qopmaq gücündə və cəsarətində deyil. Sonunda Paşinyan ya bu reallığı qəbul edəcək, ya da hakimiyyətini itirəcək və onu iqtidarda əvəzləyəcək rusmeyilli siyasətçilər hakimiyyətə gələcək. Zatən onun əsas müxalif rəqibləri daha çox “rus şineli”ndən çıxıblar…”.

//Safura Bənnayeva, Editor.az