Paşinyan hər yolla Rusiyanı Azərbaycanla üz-üzə qoymağa çalışır- Tural Abbaslıbackend

Paşinyan hər yolla Rusiyanı Azərbaycanla üz-üzə qoymağa çalışır- Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Rusiya hərbiçilərinin Azərbaycanla Ermənistan sərhədində yerləşdirilməsi ilə bağlı müxtəlif faktlar ortaya çıxıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan öz ordusunun Azərbaycanla sərhədlərini müdafiə edəcək gücdə olmadığını dəfələrlə bəyan edib və Paşinyan öz çıxışlarında sərhədlərin təhlükəsizliyinin qorunması üçün Rusiya qoşununu həmin ərazilərə dəvət edib. Paşinyan istəyir ki, Ermənistanla Azərbaycan sərhədində rus qoşunlarının yerləşdirilməsi ilə Azərbaycanın manevr imkanlarını azaltsın. Paşinyan anlayır ki, Azərbaycan işğal altında olan Qazaxın 7 kəndi və Naxçıvanın bir kəndini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayarsa, Ermənistan onun qarşısını ala bilməyəcək. Ermənilər Azərbaycanla qarşı-qarşıya gələ biləcək bütün ərazilərdə rus qoşunlarından bufer qüvvə kimi istifadə etməyə çalışır. Paşinyan hər yolla Rusiyanı Azərbaycanla üz-üzə qoymağa çalışır. Rəsmi Kreml isə bunu çox yaxşı başa düşür”.

Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya başqanı Tural Abbaslı deyib.

O, bildirib ki, Nikol Paşinyan Fransa ilə münasibətləri də isti saxlamağa çalışır:

“Rus qoşunlarının Ermənistan Azərbaycan sərhədində yerləşdirilməsi Fransanın maraqlarına ziddir. Fransa Ermənistanı tam nəzarəti altına almaq istəyir. Lakin sərhəddə rus qoşunları olduğu müddətcə Ermənistan qərbə meyilli addımlar ata bilməyəcək. Çünki birbaşa Rusiyanın təsir dairəsində olacaq”.

Tural Abbaslı qeyd edib ki, Nikol Paşinyan müxtəlif manevrlər edir və bu manevrlər müəyyən qədər baş tutur:

“Ermənistanın Avropadan 2.6 milyard avro yardım alması və rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsi ilə deyə bilərik ki, Paşinyanın manevrləri baş tutur. Azərbaycan tərəfi Rusiyaya qəti şəkildə etirazını bildirməli və Rusiyanın ədalətli mövqe tutmalı olduğunu bəyan etməlidir. Eyni zamanda, Azərbaycan Ermənistandan üçtərəfli bəyannamənin öhdəliklərini yerinə yetirməsini və işğal altında qalan kəndlərin təcili şəkildə geri qaytarılmasını tələb etməlidir. Azərbaycan Rusiyanın birmənalı şəkildə Ermənistanın yanında olduğunu bəyan edərək kontur addımlar atmalıdır”.

//Gülnarə Abasova, Editor.az