“Nikol Paşinyanın öz köməkçisini Azərbaycan torpaqlarına Azərbaycanın icazəsi olmadan qanunsuz şəkildə göndərməsi cəmiyyətimizdə ciddi narahatlığa səbəb olub. Bildiyimiz kimi, daha əvvəl də 10 noyabr bəyanatından sonra Ermənistanın xarici işlər naziri Ara Ayvazyan özbaşına Qarabağa səfər etmişdi. Bundan sonra Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Azərbaycan torpaqlarına qanunsuz səfərinə görə Ermənistana xəbərdarlıq göndərdi. Lakin göründüyü kimi, Ermənistan tərəfi yenə də bu cür qanunsuz əməllərindən əl çəkmir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, Nikol Paşinyan özü Qarabağa səfər etməkdən çəkinir və köməkçisi Qaqik İsaxanyanı göndərir:
“Bunun bizim üçün heç bir fərqi yoxdur. Hər hansısa Ermənistan rəsmisi, vətəndaşı Azərbaycanın işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərinə qanunsuz səfər edirsə, bunun özü beynəlxalq hüququn normalarının növbəti dəfə pozulmasıdır. Ermənilər hələ “Dəmir Yumruğ” un təsirindən ayılmağa macal tapmamış Ermənistanda böyük iqtisadi və siyasi çöküş başladı. Ermənistanın gələcəyi ilə bağlı heç bir aydın siyasi təsəvvür yoxdur. Gələcəyi ilə bağlı bu qədər qeyri-müəyyənliyin fonunda Ermənistan təxribatlar törədərək diqqəti başqa istiqamətə yönəldir”.
Politoloq bildirib ki, Prezident İlham Əliyev dəfələrlə Ermənistana törətdiyi təxribatlar və qanunsuz əməllərlə bağlı xəbərdarlıq edib:
“Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan bu cür təxribatçı davranışlarına son qoymasa, yenidən “Dəmir Yumruğ”u görəcək. Hazırda Ermənistan dağılan iqtisadiyyatını bərpa etmək, diplomatik və hərbi korpusdakı böhrandan çıxış yollarını tapmaq yerinə növbəti təxribatlara getməsi ölkəni daha da pis vəziyyətə aparacaq. Sülhməramlılıq missiyasını həyata keçirən Rusiya tərəfi də ermənilərin hansısa formada Azərbaycan ərazilərinə icazəsiz şəkildə səfər etməyi ilə bağlı etiraz bildirməli və Rusiya dövləti də bu cür təxribatçı səfərlərin qarşısını almalıdır”.
//Gülnarə Abasova, Editor.az

