“Ermənilər Qarabağda onlara qarşı “genosid” törədildiyini iddia edirlər. Onlar dəfələrlə bu formada çıxışlar ediblər. Məqsəd isə “xilas olmaq naminə ayrılmaq” prinsipini işə salmaqdır. Tarixə nəzər salsaq görərik ki, Kosova da Serbiyadan bu cür ayrılıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi gedişində Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə Ermənistan baş naziri Nikol Paşinyan belə bir məsələ irəli sürdü ki, Qarabağ Kosova kimi xilas olmaq naminə ayrılmalıdır:
“Bu prinsipin işə düşməsi üçün 3 şərt tələb olunur. Birincisi, etnik təmizləmə, ikincisi, irqi ayrı-seçkilik, üçüncüsü genosid…Etnik təmizləmə barədə həm ABŞ Konqrensi, həm də Fransa Senatı qətnamə qəbul etdi və Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda günahlandırdılar. Haaqa məhkəməsi ermənilərin qaldırdığı iddiaya baxdı və Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilik siyasəti aparmaqda günahlandırdı. Doğrudur, həmin qərar Ermənistana qarşı da qəbul edildi. Amma bu qərar onlar üçün qorxulu deyil. İndi üçüncü variant olan genosid barədə qərarların qəbul olunmasına cəhd olunur. Ermənilər də bunun üçün hər cür imkandan istifadə edib dünya birliyini bu fikirlərə inandırmağa çalışırlar. Hələ ki buna nail olunmayıb. Amma biz də əlimizdən gələni etməliyik ki, belə cəhdlərin qarşısı alınsın. Bu, kifayət qədər ciddi məsələdir və daima ictimaiyyətin, dövlətin diqqətində qalmalıdır. Hər addımda nəzərə alınmalıdır ki, bizim erməni kimi məkrli qonşumuz var onların dünyaya təsir imkanları çox böyükdür. Qazandığımız uğurlara arxalanmamalı, daima bu istiqamətdə işlər görməliyik”.
//Safura Bənnayeva, Editor.az

