Paşinyan MOSKVADA: Brüssel görüşü öncəsi bu səfər nədən xəbər verir?-DETALLAR AÇIQLANDIbackend

Paşinyan MOSKVADA: Brüssel görüşü öncəsi bu səfər nədən xəbər verir?-DETALLAR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya yola düşüb və Paşinyanın mayın 9-u axşama qədər Rusiya paytaxtında qalacağı bildirilir. Bundan əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanla Putin arasında görüş barədə açıqlama verməsə də, “müəyyən planların müzakirə olunduğunu” bildirmişdi.

Maraqlıdır,  Vaşinqtondakı danışıqların ardından və Brüssel görüşü öncəsi bu səfər nədən xəbər verir?

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Vaşinqton görüşü Ermənistan üçün həddən artıq uğursuz nəticələnib:

“Ermənistan diplomatiyası Vaşinqtonda ağır məğlubiyyətə uğrayıb. Rəsmi İrəvan Qarabağ məsələsini danışıqlar masasında “siyasi bazarlıq” mövzusuna çevirmək şansından məhrum edilib. Azərbaycan 8 kəndin geri qaytarılmasında da qətiyyətli mövqe tutur. Və rəsmi Bakı tədricən qarşıya qoyduğu hədəfə doğru inamla irəliləyir. Rəsmi İrəvanın ABŞ və Qərbə olan ümidləri də bir-birinin ardınca boşa çıxmaqda davam edir. Ermənistanın siyasi rəhbərliyi Vaşinqton görüşündə ABŞ-ın Azərbaycana təzyiq göstərəcəyini gözləyirdi. Ancaq bunun əksinə Ağ Ev ən qısa zamanda yekun sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq göstərir. Rəsmi İrəvan isə indiki şərtlər altında yekun sülh sazişini imzalamaq istəmir. Təbii ki, belə situasiyada Ermənistanın yenidən Rusiyaya üz tutub, Kremlə sığınmaqdan başqa çarəsi qalmır. Baş nazir Nikol Paşinyanın Rusiya səfəri ərəfəsində Ermənistana göndərilmiş Avropa Birliyinin mülki müşahidə missiyasını tənqid etməsi də Kremlə mesaj xarakteri daşıyır”.

Politoloq vurğulayıb ki, Baş nazir Nikol Paşinyan Ermənistan diplomatiyasının Vaşinqton uğursuzluğunu bu dəfə Rusiyada balanslaşdıra biləcəyinə ümid bəsləyir:

” Halbuki, hazırda Kremlin Ermənistana ciddi dəstək verə biləcəyi də inandırıcı görünmür. Çünki Rusiyanın son vaxtlar Ermənistana müəyyən sualları yığılıb. İlk növbədə baş nazir Nikol Paşinyan Kremlin həmin suallarına inandırıcı cavablar tapmalı olacaq. Digər tərəfdən, Kreml Rusiyanın indiki vəziyyətində Azərbaycanla münasibətlərini korlamaqda da maraqlı deyil. Bu baxımdan, baş nazir Nikol Paşinyanın Moskva səfərində Rusiya Ermənistanın deyil, məhz rəsmi İrəvan Kremlin tələblərini yerinə yetirmək məcburiyyətində qala bilər. Yəni, baş nazir Nikol Paşinyanın Rusiya səfəri Ermənistan üçün ümidverici heç nə vəd etmir”.

//Gülnarə Abasova, Editor.az