Paşinyan nəticə çıxarmasa, Ermənistan bu dəfə məhv ediləcək – İrəvana MESAJbackend

Paşinyan nəticə çıxarmasa, Ermənistan bu dəfə məhv ediləcək – İrəvana MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaregin Njde və Monte Melkonyan kimi terrorçuların heykəllərinin, büstlərinin, plakatlarının bəzədiyi Ermənistanın terrorçu, faşist dövləti olduğunu sübuta yetirmək üçün əlavə şərhə ehtiyac yoxdur. Əslində Azərbaycanın 44 günlük müharibə ilə Ermənistanı ağır məğlubiyyətə düçar etməsi, bu ölkənin faşizm ideologiyalarından əl çəkəcəyi fikirlərini gücləndirmişdi. Lakin baş verən son proseslər bir daha göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu ölkə faşizm ideologiyaları əsasında idarə edilir və eyni zamanda bu münasibət, bu idarəçilik sistemi qonşu dövlətlərlə münasibətlərə də siraət edə bilər. 

Son günlər ikinci dünya müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq edən, nasist ideyalarının ilhamverici qismində çıxış edən erməni daşnak cəllad Qaregin Njde məsələsini yenidən gündəm edən Ermənistan dünyanın gözü qarşısında bu yoldan geri çəkilməyəcəyini, terrorizmi, faşizmi dövlət siyasətləri olaraq bundan sonra da təbliğ etməkdə olacaqlarını nümayiş etdirirlər. Belə ki, bu dəfə Rusiyadakı erməni icmasının erməni ordusunun 30 illiyi ilə bağlı Njde barəsində film nümayiş etdirmək qərarına gəlməsi Azərbaycanı daha diqqətli, daha ehtiyyatlı və ayıq-sayıq olmağa vadar edir.

Minlərlə azərbaycanlı, osmanlı türkünün qətlində əli olan bu şəxsin qəhrəmanlaşdırıldığı “Qaregin Njde” adlı bu filmdə erməni cəlladının azadlıq uğrunda mübarizə aparan bir şəxs olduğu iddia edilir. Faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralarda yer alan Rusiyada faşist Njdenin qəhrəman kimi qələmə verilməsi, faşizmin qəhrəmanlaşdırılması üçün hazırlanan bu plan uğursuzluqla nəticələndi. Faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxan Rusiya kimi bir ölkənin bu cür təbliğat planı anlaşılmaz hesab edilə bilərdi. Lakin İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirən faşistə aid bu biabırçı aksiya Rusiya ictimaiyyətinin təkidi nəticəsində baş tutmadı.

Bu vaxta kimi hər çıxışında beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ qaldıran Azərbaycan Prezidenti erməni faşizminin region, dünya üçün nə qədər böyük təhlükə olduğunu dünya ictimiyyətinin diqqətinə çatıdırb. O, dəfələrlə qeyd edib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz.

Ermənistanın faşist dövləti olduğunu, bu ideyaların təbliği ilə məşğul olduğunu Njdeyə İrəvanda qoyulan abidənin faşizmin təbliğatını təsdiq edəcək ən tutarlı fakt kimi göstərən İlham Əliyev Gəncə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bu məsələyə yenidən xüsusi yer ayırdı: “Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük – altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib”.

Bu faktlarla hələ də Ermənistanda erməni faşizminin yaşadığını göstərən dövlət başçısı təəssüflə bildirib ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Prezident İkinci Qarabağ müharibəsində, erməni faşizmini məğlub etdiyimizi, o səbəbdən də erməni faşistlərin indi əvvəlki illərdəki qədər fəal olmadıqlarını diqqətə çatdırsa da ehtiyatı əldən verməmək üçün diqqətli olmağın vacibliyini vurğulayıb: “Ancaq biz görürük ki, faşizm Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar”.

“Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun” deyən İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan dövlətinin terrorizm, faşizm nümunəsi olan Gəncədəki dağıntılar önündə səsləndirdiyi bu fikirləri ilə Sarkisyan, Köçəryan cütlüyü başda olmaqla, onların havadarlarına, digər revanşist qüvvələrə və Ermənistanın hazırki hakimiyyətinə mesaj vermiş oldu ki, əgər türkəfobiya, anti-Azərbaycan təbliğatından, yeni ərazi iddialarından, saxta tarix yaradaraq dünyanın Azərbaycanı qarşısına alması istiqamətində təxribatlardan əl çəkməzlərsə, bunun bədələni 44 günlük müharibədən də ağır ödəyəcəklər.

Dövlət başçısının “Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir” fikirləri deyilənlərin təsdiqidir. İlham Əliyev dünyaya, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına da bir xəbərdarlıq etdi ki, Ermənistan öz xislətindən əl çəkmək niyyətində kimi görünmür. Əgər belə hallar bundan sonra da təkrarlanarsa, Ermənistanı bu dəfə heç kim xilas edə bilməyəcək.

Çünki Ermənistanın xilası faşizm ideyalarının yaşaması, terrorizmin yenidən regionda, dünyada vüsət alması anlamına gəlir ki, Azərbaycan bir də faşizmin baş qaldırması üçün ona şans verməyəcək. Prezidentin bu gün Gəncədən etdiyi bu açıqlamalardan ən əsas nəticəni Ermənistanın baş naziri Nikol Paşinyan çıxarmalıdır. Çünki əgər Türkiyə ilə münasibətləri normllaşdırmaq yolunda artıq ilkin addımlar atılıbsa, əgər Azərbaycanla kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası istiqamətində praktiki addımların zamanının yetişdiyini bəyan edirsə, o zaman bu istiqamətdə erməni baş nazirinin görəcəyi ən önəmli işlərdən biri ölkəsində faşizmin, terrorizmin nişanı olan sözügedən abidələri yerli-dibli yox etməlidir. Çünki əks təqdirdə Ermənistan heç cür regionda sülh, sabitlik qarantı ola bilməz.