Paşinyan ölən əsgərlərini gizlədir – Gün qazanmaq üçün körpələri öldürdübackend

Paşinyan ölən əsgərlərini gizlədir – Gün qazanmaq üçün körpələri öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Savaş meydanında ağır məğlubiyyətlər alaraq geri çəkilməkdə davam edən düşmən dezinformasiyalar yaymaqdan, sosial şəbəkələrdə və başqa platformalarda təxribatlar törətməkdən yorulmur. Hazırda erməni təbliğat maşınının bütün gücü ilə dünya ictimaiyyətini aldatmaq üçün əlindən gələni etdiyini görə bilərik. Bu məqsədlə Ermənistan tərəfindən hiyləgər tezislər uydurulur və mediada, eləcə də sosial şəbəkələrdə bu tezislər mümkün qədər daha çox insanları əhatə etmək şərti ilə çatdırılır.

Cəbhədə uduzduğunu informasiya savaşında qaytarmaq istəyən Ermənistan bu cür saxta məlumatlar yaymaqla həm 30 ildir orduları haqda yaratdıqları miflə Azərbaycan ictimaiyyətinin gözünü qorxutmaq, həm də Azərbaycan vətəndaşını inandırmağa çalışır ki, hökumət sizi aldadır, güya həqiqət, əslində, başqa cürdür. Bəli, həqiqətən də, həqiqət başqa cürdür artıq. Artıq bu Azərbaycan insanının gözünü nə “feyk” xəbərlər qorxuda bilər, nə də erməni ordusunun atdığı ballistik raketlər. Əksinə, faşizmin nümunəsi olan bu cür vəhşiliklər Azərbaycan xalqını bir-birinə daha da möhkəm bağlarla bağladı.

O ki qaldı düşmənin ikinci məqsədinə, erməni lobbisinin təsiri altında olan dünyanın aparıcı informasiya agentliklərinin Paşinyan hakimiyyətinin “feyk” məlumatlarını tirajlamalarının bir səbəbi də 30 ildir “müharibə-müharibə” deyən Azərbaycan xalqının bu istəyini reallaşdıran Ali Baş Komandan və onun idarəçiliyinə inamı itirmək, daxildə parçalanmalara səbəb olmaqdır. Daha anlamırlar ki, Prezident İlham Əliyev xalqın xəyalı ilə yatıb durduğu, uzun illərdir arzuladığı bir məsələni reallaşdırır.

Sentyabrın 27-dən bəri Qarabağdakı və siyasi cəbhədəki savaş da göstərdi ki, problemin müharibə yolu ilə həlli məsələsinin bu qədər “gecikməsi” əbəs deyilmiş. Bu gün bir vaxtlar Azərbaycana barmaq silkələyən, Azərbaycanla əmr dilində danışan dünya liderlərinin, beynəlxalq təşkilatların Qarabağdakı proseslərə birbaşa müdaxilə etməməsi, hadisələrin gedişini sadəcə seyr etməklə kifayətlənmələri insanlarda Prezidentə olan inamı daha da artıran məqamlardan oldu.

Düşmən sosial şəbəkələrdə və xəbər agentliklərində davamlı olaraq dünya ictimaiyyətinin diqqətinə Azərbaycanın haqlı əks-hücum əməliyyatlarının guya erməniləri qırmağa və etnik təmizləməyə cəhd kimi çatdırmaq istəyirlər. Həqiqətdən uzaq olan bu məlumatlar dünya ictimaiyyəti üçün hesablanıb. Amma Azərbaycanın məqsədinin Ermənistanı ərazi bütövlüyünü tanımağa və danışıqlar masasına əyləşməyə məcbur etmək olduğu hər kəsə məlumdur. Ermənistan buna razılaşan kimi hərbi əməliyyatlar dayandırıla bilər. Azərbaycan erməni əhalisi ilə savaşmır, Ermənistanın hərbi qüvvələrini öz ərazisindən çıxarmağa çalışır. Belə olmasaydı, bu gün Azərbaycanda 30 mindən çox erməni yaşamazdı. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlının olmaması hansı ölkənin etnik təmizləmə siyasəti yürütdüyünün sübutudur. Hətta bununla bağlı Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində də geniş danışıb.

O. Azərbaycanın işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiq olduğunu diqqətə çatdırıb. Prezident erməni baş nazirin “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər sərsəm bəyanatları ilə danışıqlar prosesini pozduğunu bildirib.

Düşmənin ordusu, cəbhədəki son vəziyyətlə bağlı saxta məlumatlar yaymaq səbəblərindən biri isə Ermənistanda etirazların, ölən əsgərlərin yaxınlarının aksiyalarının qarşısını almaq məqsədi daşıyır. Burada bir məqama xüsusilə diqqəti çəkmək istəyirəm. Paşinyanın Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarından sonra dəfələrlə Rusiyaya zəng edib atəşkəs üçün onlara rəsmi Bakı ilə danışıqlar masasında oturmağa yardım etməyi barədə yalvar-yaxırını hər kəs bilir. Lakin iki dəfə humanitar atəşkəs barədə qərar verilsə də, hər ikisində də Ermənistan bunu kobudcasına pozdu. Gəncəni iki dəfə ballistik raketlə vuran düşmən, növbəti vəhşiliyi törətdi. Və beləcə, ölülərini yığmaq üçün nəzərdə tutulan atəşkəsdən Ermənistan məcburiyyət qarşısında “imtina etdi”. Çünki döyüş meydanlarından yığılan minlərlə erməni hərbçilərinin cəsədlərinin ailələrinə təhvil veriləcəyi zaman rəsmi İrəvanın böyük yalanın üstü açılmış olacaqdı ki, bu da ölkədə qarşısı alınmaz etiraz aksiyalarına, dövlət çevrilişinə səbəb olacaqdı.

Paşinyan xalqına yaşatdığı faciəni hələlik Azərbaycanın günahsız, mülki insanlarının, körpələrinin hesabına gizlətməyi bacarır. Amma Azərbaycanın Qarabağı işğaldan azad edəcəyi günün hər ötən saat daha da yaxınlaşdığını nəzərə alsaq, demək ki, Paşinyanın planlarının müddətinin bitmə tarixi də uzaqda deyil.