“Rusiya prezidenti Vladimir Putinin 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Moskva-İrəvan əlaqələri və Qarabağla bağlı səsləndirdiyi fikirlər bundan öncə də Rusiya rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Siyasi analitik Rusiya prezidentinin ötən gün keçirilən mətbuat konfransında Qarabağda dair söylədiyi fikirlərin pərdərarxası məqamlarına toxunub.
Xatırladaq ki, Kreml rəhbəri Ermənistan-Rusiya əlaqələri və Qarabağla bağlı suala cavab olaraq qeyd etmişdi ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı məsələni ilk öncə Rusiya yox, Ermənistan hakimiyyəti bəyan etmişdi. Həmçinin dövlət başçısı Moskvanın qapılarını hələ də İrəvanın üzünə bağlamadığını dilə gətirərək Ermənistanla müttəfiqlik münasibətlərinin davam etdirilməsində sadiq tərəf olduqlarını açıqlamaışdı.
V.Putinin Qarabağ haqqındakı sözügedən açıqlaması bir çox analitiklər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Rusiya rəhbərinin Qarabağ məsələsinin həllində Ermənistan hakimiyyətini günahkar bilməsi Moskvanın məlum problemlə bağlı siyasətində iflasa uğradığını nümayiş etdirib. Siyasi təhlilçilər hesab edirlər ki, Paşinyanın sülhyaratma siyasəti olmasaydı, Rusiya Qarabağ probleminin uzadılmasından istifadə edərək hər 2 ölkəyə təzyiq mexanizmini həyata keçirməyə nail olacaqdı.
Eyni rəyi bölüşən O. Qasımov isə açıqlamasında söyləyib ki, burada 2 element var:
“Bunlardan birincisi, Rusiyanın “Qarabağ kartı”ndan uzunmüddətli istifadə etmək niyyətləri ilə bağlı idi. Hətta 2020-ci ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin üçtərəfli bəyanat imzalanandan sonra keçirdiyi mətbuat konfransında bu məsələyə toxunarkən Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olduğunu bildirməklə yanaşı, Qarabağ məsələsinin, həmçinin gələcək nəsillərə saxlanılması ilə bağlı fikirlər irəli sürürdü”.
Mütəxəssisin sözlərinə görə, bu, açıq şəkildə o demək idi ki, Rusiya uzun müddət bölgədə qalmağa çalışırdı və Qarabağ məsələsindən Azərbaycan və Ermənistana qarşı istifadə etmək istəyirdi:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın keçən ilin oktyabrında Praqada və bu ilin mayında Brüsseldəki görüşlərdə Azərbaycan ərazilərini tanımaqla bağlı bəyanatı, xüsusilə də Qarabağın 86, 6 kv.km.-ə daxil olduğunu söyləməsi Rusiya üçün də gözlənilməz oldu. Paşinyanın bu açıqlamaları Rusiyanın Azərbaycana, o cümlədən də Ermənistana təzyiq imkanlarını xeyli azaltdı”.
Analitik əlavə edib ki, eyni zamanda bu, həm də Qərbin mövqeyinə aiddir:
“Çünki orada da bir çox qüvvələr məhz Qarabağ məsələsindən Azərbaycana qarşı istifadə etməyə çalışıblar. Lakin bu bəyanatlar onların əlindən təzyiq rıçaqlarını almış oldu. Putin və Rusiya rəsmilərinin bu məsələni təkrar-təkrar söylənməsi isə onunla bağlıdır ki, hazırda Ermənistanla Rusiya arasında münasibətlər gərgindir və Ermənistanda anti-Rusiya ovqatı kifayət qədər güclənib. Ona görə də Rusiya bir formada son 3 ildə baş verənlərin və Azərbaycan torpaqlarının azad edilməsinin günahını Rusiyanın yox, məhz Ermənistanın və ermənilərin üzərində olduğunu göstərməyə çalışır ki, burada da əsas hədəfin Paşinyan hakimiyyəti olduğunu dilə gətirir”.

