Paşinyan “Qarabağ Azərbaycandır” dedi – İrəvan SÜLHƏ MƏCBUR EDİLİRbackend

Paşinyan “Qarabağ Azərbaycandır” dedi – İrəvan SÜLHƏ MƏCBUR EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Söz oyunu davam edir. Söhbət Bakı ilə İrəvan arasında sülh danışıqları istiqamətində tərəflərin bir-birinə müxtəlif kanallar vasitəsilə və birbaşa ötürdüyü mesajlar və ona reaksiyalardan gedir. 

3 gün əvvəl Nikol Paşinyan ölkəsinin Parlamentində bildirdi ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsi imzalamağa hazırıq”. Əslində, rəsmi İrəvanın son 3 ildə siyasi qərarlarını yaxından izləyən istənilən şəxs bilir ki, bu, Ermənistan hakimiyyəti tərəfindən bu tərzdə verilən ilk bəyanat deyildi. Nikol Paşinyan ərazi bütövlüyü deyərkən konkret olaraq 30 illik münaqişə ocağı olmuş Qarabağın adına bir dəfə də olsun istinad etməməklə İrəvanın bu bəyanatında hansı ərazilərin nəzərdə tutulduğunu sual altında qoyurdu.

Elə bu dəfə də Nikol Paşinyan eyni ritorikasına sadiq qaldı. Lakin Bakının səbri əbədi və daimi deyil. İki gün əvvəl Prezident İlham Əliyev Salyanda Dövlət Televiziyasına müsahibəsi zamanı Paşinyana bu ifadəsinin sabun köpüyü olmadığını təsdiq etməsi üçün bir mesaj verdi: Ermənistan sülh müqaviləsinə hazır olduğunu göstərmək istəyirsə, artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.

Nikol Paşinyan yaxşı bilir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq, münasibətləri normallaşdırmaq üçün Bakının əsas şərtlərindən olan – Kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyini icra etməsi lazımdır.

44 günlük müharibədən sonra Ermənistanın sərgilədiyi mövqe sülh müqaviləsini imzalamaq niyyətindən uzaq olduqlarını göstərir. 30 ilə yaxın müddətdə danışıqlar prosesini də belə uzadırdılar, yekunda eskalasiya ilə nəticələndi. Yenidən anoloji vəziyyətin baş verməsi Ermənistanın sonu ola bilər.

Ermənistan baş naziri İlham Əliyevin son müsahibəsi zamanı İrəvana ünvanladığı mesajlardan nəticə çıxarmaq istəyini gizlətmir. Bu zamana kimi ümumi olaraq “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə kifayətlənib, manipulyasiya üçün yeni zəminlər yaratmağa çalışan Nikol Paşinyan bu gün açıq şəkildə elan etdi ki, “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

Məhz indi bunu deyən Paşinyanın Şuşada içkili vəziyyətdə yallı oynamasını, tez-tez Qarabağa gəlişini, “Qarabağ Ermənistandır və nöqtə” kimi ifadələrini də unutmadıq. Elə məhz Ermənistan rəhbərliyinin bu cür davranışları 44 günlük müharibənin başlama tarixini yaxınlaşdırırdı. Lakin indi həmin siyasətçinin ritorikasını birdən-birə dəyişərək Bakının istədiyi şəkildə bir cümlə qurması, Ermənistan-Azərbaycan münasibətlərinin sülhə doğru irəliləməsində nəzərəçarpacaq addımları müşahidə etməyimizə səbəb ola bilər.

Paşinyanın vəzifəsi xalqını Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlamaqdır. Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. Ermənistan lideri çox yaxşı dərk edir ki, rəsmi Bakı Ermənistanın hərbi gücünü artıraraq yenidən Azərbaycana qarşı istifadəsinə seyrçi qalmayacaq.

Burada ən diqqət çəkən məqam ondan ibarətdir ki, Paşinyan “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, “sülh sazişini imzalamağa hazırıq” desə də, Ermənistan rəhbərliyinin – Xarici İşlər Nazirliyi, parlament sədri Simonyanın və xüsusi tapşırıqlar üzrə səfir Marukyanın Prezident İlham Əliyevin Qarabağla bağlı son fikirlərinə verdikləri reaksiya bu ölkənin sülh müqaviləsi imzalamaq istəyindən uzaq olduğunu göstərir.

Amma belə görünür ki, Ermənistan hakimiyyətində də artıq ciddi fikir ayrılıqları hökm sürməyə başlayıb. Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığını fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi. Araikin “Qərbdən verilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır.

Belə demək mümkünsə, separatçıların yolu aram-aram praktiki və siyasi baxımdan bağlandı. Onların Bakıya “görüş təklifi” həm də düşdükləri vəziyyətdən çıxmaq məqsədi daşıdığını istisna etmir.

Bu situasiya Bakının önünü bir xeyli açır, imkan verir ki, Azərbaycan Ermənistana istər diplomatik, istərsə də lokal hərbi əməliyyatlar vasitəsilə önəmli yüksəkliklərin nəzarətə götürülməsi fonunda təzyiq və təsirini hiss etdirsin.

Nikol Paşinyanın birdən-birə ritorikasının dəyişilməsində növbəti nüans isə heç şübhəsiz ki, Rusiya amilidir. Bütün bu proseslərin gedişatında Rusiya XİN rəhbəri S.Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən, İrəvana təzyiqlərini artırması üçün daha imkan yaradan bir məqamdır.

Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesində intensivlik artır. Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir. Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar.

Görünən odur ki, rəsmi Bakı postkonflikt dövründə geridə qalan 3 ilə yaxın bir müddətdə ona qarşı olan qüvvələri də Azərbaycanla razılaşmağa, Azərbaycanın maraqlarını nəzərə almalarına məcbur etməyi bacarmaqdadır. Çox güman ki, elə Ermənistan hərbi-siyasi rəhbərliyi də bunun fərqindədir. Nikol Paşinyan onun da fərqindədir ki, daxili auditoriyanı Azərbaycanla sülhə hazırlamaqdan alternativləri qalmayıb. Bakı İrəvanın əlini bir xeyli zəiflətməklə yanaşı, onun manevr imkanlarını da əlindən almaqdadır.

Milli.Az