“Bu, gözlənilən addım idi. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətə gətirilməsində əsl məqsəd Ermənistanı Rusiyanın ağuşundan uzaqlaşdırıb Qərbə doğru inteqrasiya etdirmək idi”.
Bunu Editor.az-a politoloq Turab Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Qarabağdakı vəziyyəti və yaranmış vəziyyətdən çıxmaq üçün atılacaq addımları müzakirə etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə növbəti günlərdə də Ermənistan və Fransa, eləcə də Ermənistan və ABŞ arasında daha yaxın münasibətlər müşahidə olunacaq:
” Rəsmi Moskva İrəvanda öz gücünü artırmaq istəyir. Qarabağdakı sonuncu proses zamanı Rusiyanın Ermənistanı hansısa formada müdafiə etməməsi, Paşinyanı hədəfə çıxartması onu Qərbə daha çox yaxınlaşdıracaq. Məlum olduğu kimi, Fransa və Ermənistanın uzun illərə dayanan qarşılıqlı sıx əlaqələri var”.
Politoloqun fikrincə, Ermənistan həmin mərhələdə ABŞ-a da yaxınlaşmağa çalışacaq:
“Burada Azərbaycana qarşı müəyyən təhlükələr də formalaşa bilər. BMT TŞ-da Azərbaycana qarşı məsələlərin qaldırılmasında Fransa və Ermənistan birgə fəaliyyət göstərir. Lakin bu təhlükənin müəyyən siyasi, iqtisadi işbirliyindən irəli keçəcəyini düşünmürəm. Açıq şəkildə Azərbaycana qarşı rəsmi Moskvanın hərbi təhlükə yarada biləcəyi inandırıcı deyil”.
//Safura Bənnayeva, Editor.az

