Paşinyan tələyə salınır: Qərbin çirkin planlarıbackend

Paşinyan tələyə salınır: Qərbin çirkin planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə aydır sadə vətəndaşı Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı nağıllarla yemləsə də, real mənzərə başqa həqiqəti ortaya qoyur. Əslində üzvlük məsələsi erməni dövləti üçün Qərb siyasi texnoloqları tərəfindən hazırlanmış tələdən başqa bir şey deyil. Əsas məqsəd Ermənistan-Rusiya münasibətlərini sonlandırmaqdır. Növbəti mərhələdə isə rus hərbi bazalarını Ermənistandan çıxarmaq, öz hərbçilərini əraziyə yerləşdirməklə İranı daha yaxşı müşahidə etmək planları var. Paşinyanın partiyası buna göz yumaraq, növbəti seçkilərdə də iqtidarda qalmaq üçün bir sıra media orqanları vasitəsilə xalqa Aİ-yə üzvlük nağılını sırımaqla gününü keçirir.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Demokratiyanın tənəzzülü

Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanda demokratiyanın tənəzzülünü artıq sənədləşdirib. Bu sıraya polisin qanunsuz hərəkətləri, zorakılıq və işgəncələr, müxalifətin qeyri-qanuni təqibi, regionlarda seçilmiş müxalifət liderlərinin işdən çıxarılması daxildir. Məlum vəziyyət iqtidar tərəfindən hakimiyyətin qəsb edilməsi və mərkəzləşdirilməsinə hesablanıb. Təbii ki, bu hesabatları müxtəlif Avropa qurumlarına da göndərilir.

Xarici ticarət fiaskosu

Hər kəs anlayır ki, Aİ-yə üzvlük məsələsi hazırda Ermənistan üçün xülyadan başqa bir şey deyil. Heç orada da Ermənistanı gözləyən yoxdur. Çünki Avropaya inteqrasiya üçün rəsmi İrəvan tənəzzülə uğramış sənaye və kənd təsərrüfatında ciddi islahatlar aparmalıdır. Eyni zamanda, son dövrlər Ermənistanın Qərb ölkələri ilə aparılan xarici ticarətində də ciddi azalma qeydə alınıb. 2024-cü ilin ilk dörd ayının məlumatlarına görə, Ermənistanın Aİ ölkələri ilə ticarət həcmi 24.3 faiz azalıb. Azalma Almaniya ilə 148 milyon dollar, yəni 35.8 faiz, Fransa ilə 42 milyon dollar, yəni 17 faiz təşkil edib. ABŞ-yə gəldikdə isə, bu azalma birdən-birə 39 faiz, yəni 144 milyon dollar olub.

Rusiyaya qarşı kampaniya

Əldə edilən son məlumatlara görə, Aİ son iki ildə müxtəlif erməni KİV-ə anti-Rusiya təbliğatı üçün 20 milyon dollar vəsait ödəyib. Bundan əlavə, siyasi kulislərdə gəzən söhbətlərə görə, Aİ-yə üzvlüklə bağlı referendum təklifi də əslində rəsmi Moskvaya qarşı münasibətləri ehtiva edir. Düzdür, Paşinyan referenduma ehtiyac olmadığını desə də, hakim partiya bunda təkid edir. Baş nazir gözəl bilir ki, müxalifət də referenduma gediləcəyinə israr edəcək. Ehtimal etmək olar ki, referendumda Rusiyanın hərbi bazalarının ölkədən çıxarılması, erməni dövlətinin KTMT-dəki üzvlük məsələsi də səsverməyə çıxarıla bilər. Bununla da Paşinyan məsuliyyəti sadə erməni vətəndaşının üzərinə yıxmağa çalışacaq. Hələlik mətbuat vasitəsilə alt bazanı formalaşdıran hakim partiya sonradan referendum vasitəsilə məsələni kökündən həll etmək niyyətindədir.

Süni vədin fəsadları

Ermənistanda Avropa İttifaqında rəqabətədavamlı olacaq heç bir məhsul yoxdur. Bu səbəbdən də dövlət üçün həyati əhəmiyyət daşıyan iqtisadi birliklər süni vəd müqabilində itirilə bilər. Artıq hakim partiyanın təbliğatı ilə elə bir təəssürat yaranıb ki, Aİ-yə üzvlüklə bağlı Ermənistana dəvət göndərilib və bunun hansı formada baş tutması müzakirə olunmalıdır. Bu gün isə Ermənistanla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında ticarət dövriyyəsi artmaqda davam edir. Hazırda Aİİ ilə ticarət dövriyyəsi 7-8 milyard dollar təşkil edir ki, bu da Ermənistan üçün çox ciddi rəqəmdir.

Sirr deyil ki, Aİİ-də mövcudluqla eyni vaxtda Aİ ilə əlaqələrin inkişafı üst-üstə düşmür. Çünki Rusiyanın rəhbərlik etdiyi Aİİ hər nə qədər iqtisadi alyans olsa da, siyasi komponentlərlə zəngindir. Aİ isə həm iqtisadi, həm də siyasi qurum olduğunu heç vaxt gizlətməyib. Paşinyan isə bir əldə iki qarpız tutmaq yolunu seçib. Amma anlamaq lazımdır ki, eyni anda bir-birinə düşmən iki iqtisadi və siyasi komponenti olan qurumlarda təmsilçilik qeyri-mümkündür.

Aİ-də Ermənistanı gözləyən yoxdur

Diplomatik mənbələrə və yayılan xəbərlərə baxanda da müşahidə edilir ki, hazırda Avropada Ermənistanı gözləyən yoxdur. Bəzi diplomat və səfirlər etiraf edirlər ki, Brüsseldə onlara yaxınlaşıb üzvlük təklif edən olmayıb. Erməni tərəfi isə 10 ildən çoxdur ki, kulis arxasında, qəbullarda və ziyafətlərdə bu mövzuya dəfələrlə toxunub. Bu gün Avropa İttifaqının kifayət qədər problemi var. Ermənistandan əvvəl Ukrayna, Gürcüstan və Moldova bu qapıda gözləyir. Bundan əlavə, Aİ-yə mümkün üzvlüklə bağlı danışıqlar prosesinin başlanması bir sıra addımları, ilkin şərtləri, uyğunluğu nəzərdə tutur.

Bütün bunları ümumiləşdirsək, hazırda Ermənistanın Aİ-yə üzvlük məsələsi ilə bağlı söhbətlər sırf siyasi məqsədlər daşıyır. İqtisadi cəhətdən Ermənistanı məhvə aparacaq bu məsələ, hələlik Paşinyan hakimiyyətinin vecinə deyil. İndi onun komandası üçün əsas məqsəd xalqın gözünə kül üfürməklə Qərbin siyasi doktrinasını icra etmək, Rusiya hərbi bazalarını ölkədən çıxarmaqdır.