“Hal-hazırda kommunikasiyaların bərpa edilməsi istiqamətində Ermənistan tərəfi əslində fəallıq nümayiş etdirir. Lakin müəyyən üstünlüklər və qazanclar əldə etmək üçün fərqli taktikalardan istifadə etməyə çalışır”.
Bu sözləri Editor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Əziz Əlibəyli deyib.

O, bildirib ki, Paşinyan Türkiyədən müəyyən müsbət siqnalların gəldiyini deməklə ilk növbədə Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutur:
“Əlbəttə bu yalnız Ermənistan 10 noyabr razılaşmasının öhdəliklərinə əməl edəcəyi təqdirdə baş tuta bilər. Əsas məsələ isə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıdır. Bütün bunlar Ermənistan iqtisadiyyatını hazırki fiaskodan xilas edə bilər. Ermənistanın da istədiyi əslində budur. Bir müddət sonra bu prosesi reallaşdırmaq çətin olacaq. Hal-hazırda bunu həyata keçirmək üçün ən ideal vaxtdır”.
//Gülnarə Abasova, Editor.az

