Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra…backend

Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməsi ehtimalı azdır. Çünki bu, birbaşa Rusiya ilə təmasın qurulması deməkdir”.

Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı bildirib.

O əlavə edib ki, Paşinyanın Putinin yanında mövqe sərgiləməsi  Ermənistana dəstək verən Qərb tərəfindən birmənalı qarşılanmayacaq:

“Həmçinin Ermənistanın anti-Rusiya siyasəti fonunda da, bu siyasətə uyğun gəlmir. Bu baxımdan Paşinyanın andiçmə mərasimində iştirakdan imtina edəcəyi gözlənilir. Sadəcə burada bir məqam var ki, Paşinyanın mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etməsi ehtimalı daha çox görünür. Ermənistan əvvəldən KTMT və MDB-nin iclaslarından yayınmağa çalışır. Çünki hərbi və siyasi baxımından Qərbdən dəstək ala bilir. Amma Avrasiya İqtisadi İttifaqında iştirakdan yayınmır, əksinə daha çox maraqlı görünür. Çünki iqtisadi baxımdan Ermənistanın alternativi yoxdur, yəni bu bazardan asılıdır.

O baxımdan Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsini Qərb tərəfdaşlarına  izah edə bilməz. Amma ittifaqın iclasında iştirakını izah edə bilər. Paşinyan Moskvaya gedəcək, amma burada qəribə bir vəziyyətin yaranacağı da istisna deyil. Bütün hallarda Paşinyan Putinlə üz-üzə gələcək və istər-istəməz ona qarşı mənfi münasibət olacağı aydın görünür. Bir gün öncə Putinin andiçmə mərasimində  iştirak etməyən Paşinyan bir gün sonra Moskvada olacaq, Putinlə bütün hallarda təmasda olacaq. Yəni Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaranacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlanacaq.

Yada salaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.