“Ermənistanın Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmaqda səmimi olacağını düşünmürəm. Çünki əsas strateji yollar məhz bu kəndlərin yaxınlığından keçir”.
Bu fikirləri Editor.az-a AĞ Partiya başqanı Tural Abbaslı Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğu və İranın bundan “narahat” olması barədə fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Gorus-Qafan yolu Azərbaycanın nəzarətindədir və buna görə də rəsmi İrəvanın növbəti strateji yollarının ölkəmizin nəzarətinə düşməsinə razı olacağı gözlənilmir:
“Sadəcə Ermənistan baş naziri Nikol Paşinyan bu fikirləri beynəlxalq aləmdən təcrid olunmamaq və özlərini konstruktiv göstərmək üçün elan edir. Azərbaycanın anklavları dedikdə Paşinyan Birinci Qarabağ müharibəsində ermənilərdən azad olunan Başkəndi nəzərdə tutur. Bura tarixi Azərbaycan torpaqlarıdır. Öz tarixi torpaqlarımızı geri qaytarıb digər torpaqları əldə etməyin ölkə maraqlarına nə qədər sərf etdiyi düşündürücü sualdır. Amma bu məsələ ultimativ şəkildə rəsmi İrəvanın qarşısına qoyulmalıdır. Ya bu müddət ərzində Qazaxın 7 kəndi və Kərki azad olunacaq, ya da rəsmi Bakı həmin kəndlərin azad olunması istiqamətində hərbi əməliyyatlara başlayacaq “.
Tural Abbaslının fikrincə, İranın narahatçılığı təkcə həmin yolların Azərbaycanın nəzarətinə düşməsi ilə bağlı deyil:
“Eyni zamanda, ölkəmizin Ermənistan üzərində gücünün artması və regionda mövqeyimizin güclənməsidir. Rəsmi Bakı nə qədər iqtisadi, hərbi, siyasi cəhətdən güclü olsa, rəsmi Tehran da bir o qədər narahat olacaq. Çünki İran Azərbaycanın güclənməsini özünə təhdid kimi görür. O həmçinin ölkəmizin Türkiyə, Avropa, İsrail, Pakistan ilə də müttəfiqliyindən narahatdır. İran da Rusiya kimi Ermənistan və Azərbaycanın bir-birinə qarşı daima düşmən mövqedə qalmasında maraqlıdır “.
//Safura Bənnayeva, Editor.az

