Paşinyan yenidən baş nazir oldu- Ermənistan tezliklə sülhə gedəcəkmi?- AÇIQLAMAbackend

Paşinyan yenidən baş nazir oldu- Ermənistan tezliklə sülhə gedəcəkmi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Nikol Paşinyan yenidən rəsmi şəkildə Ermənistanın baş naziri oldu. Putin Paşinyanı yenidən baş nazir olması münasibəti ilə təbrik edib və deyib ki: “Ümid edirik, Ermənistanın yeni hökuməti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”.

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, vasitəçilik məsələsini üzərinə götürən Rusiyanın iqtisadi məsələlərdə də maraqlı olması, Azərbaycan və Rusiya Prezidentlərinin son görüşdə mövqelərinin üst-üstə düşməsi, eyni zamanda Putinin Paşinyana təbrik zamanı bu mesajı verməsi onu göstərir ki, Rusiya bu işi sona çatdıracaq:

“Yəni, Rusiya Paşinyanı Azərbaycan tərəfinin təklif etdiyi sülh razılaşmasına gətirəcək ki, Ermənistan üçtərəfli razılaşmaların bütün öhdəliklərini yerinə yetirsin. Beləliklə həm bu amillər, həm də həllini tapan iqtisadi amillər müharibə riskini aradan qaldırmaqla bölgəyə sülh gətirəcək. Bununla yanaşı, ölkə başçımızın Rusiyaya son səfərində Rusiya Prezidenti Putin bildirdi ki, Rusiya, sadəcə, sənaye sahəsində deyil, eyni zamanda, nəqliyyat və infrastruktur məsələləri ilə bağlı da konkret addımlar atmaqda maraqlıdır. Məlum məsələdir ki, nəqliyyat sahəsində konkret addımlar atmaq üçün həm 10- noyabr 2020, həm də 11-yanvar 2021 tarixli bəyanatlar icra olunmalıdır. Rusiya və Azərbaycanın mövqeyi üst-üstə düşür. Yəni, nəqliyyat və kommunikasiyaların açılması Rusiyanın da maraqlarına xidmət edir. Rəsmi Kremldən verilən mesajlar, eyni zamanda Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Lavrovla, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Çavuşoğlu ilə müzakirənin gündəliyində sadəcə siyasi amillərin deyil, iqtisadi məsələlərin də müzakirə olunması, zənnimcə, regional kontekstdə bir çox suallara cavabdır.
Digər bir tərəfdən isə Azərbaycan hər bir istiqamətdə hər bir vəziyyətə hazır olmaq məqsədilə düşünülmüş addımlar atır”.

Politoloqun sözlərinə görə Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, “baxmayaraq müharibə bitib, biz Azərbaycan ordusunu daha da güclü etməliyik və edirik”:

“Məlum məsələdir ki, dövlət büdcəsindən orduya ayrılan vəsaitin həcmi artırıldı, ordumuz müasirləşdirilir. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz elə bir məkirli düşmənlə üzbəüz qalmışıq ki, buna zərurət var. Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində mövqelərimizin atəşə tutulması bu zərurəti bir daha sübut edir. Baş verən bu hadisələr fonunda avqustun 2-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirildi və Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıldı. Bir sözlə, Azərbaycan həm hərbi müstəvidə, həm də siyasi arenada gücünü artırır. İmzalanan Şuşa və Bakı Bəyannamələri də bu məsələyə xidmət edir. Ermənistan heç bir havadarına ümid olmadan, kənardan direktiv gözləmədən öz gələcəyi üçün düzgün olan yolu seçməlidir”.

//Gülnarə Abasova, Editor.az

Loading...