“Son dövrlər Ermənistan tərəfi Laçın yolunda azərbaycanlı ekoloqların keçirtdiyi ərazidə yaratdığı hay-küy, isterika yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini daha çox bölgəyə yönəltmək və Ermənistanın 44 günlük Savaşdan sonra aldığı zərbə, götürdüyü öhdəliklərdən yayınmaq üçün bir fürsət kimi istifadə etməyə çalışır. Ermənistan ona görə sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi əngəlləməklə məşğuldur”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, bildirib ki, son dövrlər Paşinyanın xüsusilə də Rusiya sülhməramlı kontingentinə qarşı yönəlik bəyanatları da bu qəbildəndir:
” Faktiki olaraq Paşinyan ziddiyətli bəyanatlarla gah Rusiyayönlü, gah da qərbyönlü addımlar atmaqla prosesi uzatmağa çalışır. Onun Rusiya tərəfinə bu mesajı şantaj xarakteri daşıyır. Paşinyan özü də çox gözəl bilir ki, aksiya keçirilən ərazidə hansısa yolun bağlanmasından söhbət getmir, humanitar məqsədlə nəqliyyat vasitələri və insanların sərbəst hərəkətinə şərait yaradılır. Fransanın verdiyi təlimatlar əsasında Paşinyan bu cür çıxışlar edir. Paşinyanın Laçın yoluna beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi tələbi isə heç bir məntiqə sığmır. Azərbaycan ərazisindən hansısa sülhməramlı kontingentin monitorinq missiyasının yerləşdirilməsi üçün Azərbaycan tərəfinin razılığı lazımdır.
10 noyabr razılaşmasına görə, Azərbaycan Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində yerləşməsinə icazə verib, eyni zamanda, başqa bir missiyanın da yerləşməsinə icazə verə bilər. Paşinyan hakimiyyətində təmsil olunan şəxslərin antiRusiya mövqeyi ona hesablanıb ki, Ermənistan prosesi uzatsın. Bu məsələdə isə müxtəlif ölkələr maraqlıdır. O cümlədən, Rusiyanın özü də gərginliyin qalmasında maraqlıdır. Rusiya 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini Ermənistandan tələb etmədiyi üçün bu gün belə şantajlarla üzləşir”.
Oqtay Qasımov bildirib ki, Ermənistan və Rusiya 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməli, erməni silahlı birləşmələri dərhal Qarabağdan çıxarılmalı, Zəngəzur dəhlizi açılmalı, terrorçu qruplara maliyyə dəstəyinə son qoyulmalıdır:
” Əks təqdirdə gərginlik davam edəcək və Azərbaycan Qarabağda rus sülhməramlılarının nəzarəti altında olanda ərazilərdə öz suveren hüquqlarını bərpa etməkdə qərarlıdır. Ermənistan tərəfinin isterikasına baxmayaraq öz məqsədlərimizə çatmaq üçün davamlı şəkildə addımlar atılmalıyıq .
//Gülnarə Abasova, Editor.az

