Paşinyandan Azərbaycana qarşı ƏSASSIZ İDDİALAR:”Baş nazir erməni icmasının qəzəbindən ehtiyatlanır”backend

Paşinyandan Azərbaycana qarşı ƏSASSIZ İDDİALAR:“B nazir erməni icmasının qəzəbindən ehtiyatlanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan rəhbərliyinin sülhlə ziddiyyət təşkil edən açıqlamaları bu ölkənin həm siyasi elitasının, həm də cəmiyyətin hələ də reallıqları dərk etmədiyini göstərir. Konkret olaraq Niderlandda səslənən absurd fikirlərə gəlincə Paşinyanı qəzəblə qarşılayan erməni icmasının reaksiyasını gözardı etmək olmaz. Biz mətbuatdan da izlədik ki, icma fəalları avtomobilindən düşən Baş naziri “Satqın Nikol”, “qatil”, “mülkədar” kimi və başqa təhqiramiz şüarlarla qarşıladılar. Hətta təhqirlərin sayı o qədər çox idi ki, videogörüntülərdə Paşinyan əleyhinə səsləndirilən bəzi təhqirlərə görə görüntülərin bir qismi səssiz yayımlanırdı. Yəni, erməni baş nazirin Azərbaycana qarşı əsassız iddialar səsləndirməsini onun həm də erməni icmasının qəzəbindən ehtiyatlanması kimi də şərh edə bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkilinin sözlərinə görə, Paşinyanın humanizmdən danışması erməni xislətinin növbəti təzahürüdür:

“Bütün dünya qəbul edir ki, Azərbaycan müharibə dövründə də ləyaqətlə davranıb və bütün humanizm prinsiplərinə riayət edib. Beynəlxalq hesabatlarda da qeyd olunduğu kimi, müharibə dövründə Ermənistan döyüş bölgəsindən kənarda mülki əhalini qadağan olunmuş silahlarla qətlə yetirərək, öz terrorçu mahiyyətini nümayiş etdirdi. Müharibədən sonra davam edən mina terroru isə Ermənistanın terrorçu mahiyyətinin dəyişmədiyini bir daha sübut etdi. Cəmi 20-25 faiz dəqiqliyə malik olan mina xəritələrinin verilməsi təbii ki, humanist addım hesab oluna bilməz. Çünki müharibədən sonra 200-dən çox azərbaycanlı mina terrorunun qurbanı olub. Bununla belə, Azərbaycan sülh gündəliyi təklif edib və Ermənistandan real addımlar gözləyir. Təbii ki, Ermənistan rəhbərliyinin sülhlə bağlı konkret addımlar atmaması və ya ziddiyyətli, əsasssız bəyanatlar səsləndirməsi bu ölkənin prosesdə maraqlı olmadığını göstərir. Amma zaman Ermənistanın əleyhinə işləyir”.

K.Nurullayeva qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın beynəlxalq güclər üçün əhəmiyyəti daha da artır və bu gün bölgədə reallıqları diktə edən tərəf Azərbaycandır:

“Ermənistan bu reallıqları qəbul etməyə məcburdur. Hesab edirəm ki, Paşinyanın daha çox daxili auditoriyaya hesablanmış əsassız bəyanatları heç bir ciddi siyasi əhəmiyyət daşımır. Prezident İlham Əliyev bəyan edib: “Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib”. Təbii ki, beynəlxalq güclərin Ermənistanı sülhə məcbur etməsi də vacibdir. Bu istiqamətdə konkret addımlar atılmalı, sülh gündəliyinin, 10 noyabr 2020-ci il razılaşmasının bəndlərinin yerinə yetirilməsi ilə bağlı Yerevana təzyiqlər artırılmalıdır. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Əks halda, dayanıqlı sülhdən danışmaq mümkün deyil və dəmir yumruq da yerindədir”.

//Gülnarə Abasova, Editor.az