Paşinyandan Kremlə irad: Ermənistan Qərbin “kurasiyasına” keçmək istəyirbackend

Paşinyandan Kremlə irad: Ermənistan Qərbin “kurasiyasına” keçmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağda baş verən son proseslər sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi suallar doğurur. Baş nazirin bu açıqlaması əslində Azərbaycanın maraqlarına uyğundur. Çünki biz də Qarabağdakı rus hərbçilərinin fəaliyyətindən narazıyıq”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi analitik bildirib ki, Paşinyanın bu bəyanatı isə artıq İrəvanla Moskva arasında “körpülərin yandığını” göstərir:

“Paşinyan nə demək istəyib özü bilər. Başa düşülən isə budur ki, o, artıq Kremldən əvvəlki kimi qorxmur. Ermənistanın hazırkı hakimiyyəti onsuz da ilk günlərdən etibarən Qərbyönümlü siyasəti ilə seçilirdi. İndi isə davam edən savaşın fonunda Rusiyanın tədricən zəifləməsi Ermənistanın Qərbə doğru daha iri addımlar atmasını labüd edir. Paşinyan başa düşür ki, ən qısa zamanda özünə yeni “çətir” tapmasa, ortalıqda qalacaq. Beləliklə, Ermənistanın gələcəyi sual altına düşəcək”.

K. Novruzovun sözlərinə görə hal-hazırda Ermənistanda Qərblə Kreml arasında toqquşma gedir:

“Bunu baş verən ayrı – ayrı proseslər, o cümlədən səfərlər, zənglər də təsdiqləyir. İrəvan Qərbin nəzarətinə keçmək istədikcə Moskva buna mane olmağa çalışır. Əslində indi Kreml üçün də əvvəlki vaxt deyil. Şimal qonşumuz bilir ki, Ermənistanı nəzarətdə saxlamaq xeyli resurs, o cümlədən iqtisadi xərc tələb edir. Bu isə indiki halda Rusiya üçün əlavə yük deməkdir. Paşinyan, ola bilsin, Qarabağdakı üçüncü qüvvənin – sülhməramlıların Qərb nümayəndələri ilə, o cümlədən beynəlxalq təşkilatlarla əvəz olunması barədə düşünür. Birincisi ona görə ki, Qarabağda üçüncü qüvvənin olması İrəvana sərf edir. Rusiyanın Qərblə əvəzlənməsi isə Ermənistan üçün daha sərfəlidir. Çünki bu halda ABŞ və müttəfiqlərinin Cənubi Qafqazdakı təsir gücü artacaq. Bəlkə də, Paşinyan sülhməramlılar haqqında dedikləri ilə buna zəmin yaratmaq istəyir. Ermənistanın bundan sonra da oxşar ritorikanı davam etdirəcəyi, rəsmilərin, o cümlədən Baş nazir Nikol Paşinyanın analoji açıqlamalar verməsi istisna deyil. Bununla əlaqədar olaraq də Rusiya Ermənistana təzyiq göstərə və ya ən azından buna cəhd edə bilər. Amma əgər İrəvan Qərbin “kurasiyasına” keçmək istəyirsə, onda müqavimət göstərməli, lazım gəlsə riskə getməlidir”.

//Gülnarə Abasova, Editor.az