Paşinyandan Putinin qarşısında növbəti YALAN – Özünü rəzil duruma saldıbackend

Paşinyandan Putinin qarşısında növbəti YALAN – Özünü rəzil duruma saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunun plenar iclasında iştirak üçün Rusiyadadır. Onun artıq Kreml rəhbəri ilə görüşü də baş tutub. Əslində Brüssel görüşündən sonra bu səfərin erməni baş nazirdən çox Rusiyaya vacib idi. Rəsmi Moskva Ermənistan rəhbərliyindən brüssel görüşünün təfərrüatları barədə vacib detalları almaq üçün onsuz da Paşinyanın yolunu çox gözləməyəcəkdi. Biz bunu bundan öncəki üç görüşdən də öncə hər dəfəsində müşahidə etmişik.

Xüsusilə də belə anlaşıldı ki, görüş ərəfəsində Paşinyanın beynəlxalq arenada atdığı bəzi addımlar Kremli bərk hiddətləndirib. Paşinyan artıq ötən saat ərzində Vladivostokdakı Forumda söz haqqı aldı. Erməni baş nazirin çıxışı zamanı bəzi məqamlar diqqətdən yayınmadı.

Brüssel səfərindən fərqli olaraq Avropadan qayıdan kimi yenidən sülhə təhdid olacaq bəyanatları ilə (Nikol Paşinyanın Qarabağ separatçılarının sentyabrın 2-də “müstəqilliklərinin” 31 illiyi münasibəti ilə ünvanladığı müraciətdə “status” və Minsk qrupunun “fəaliyyətini” qabartmağa çalışır. Halbuki o, Moskva və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ və Minsk qrupundan nəinki danışa bilmir, ümumiyyətlə Minsk Qrupu formatı, “Qarabağ münaqişəsi, “Dağlıq Qarabağ”, “status” kimi terminlərin bu görüşlərdə istifadə edilməsi cürətini belə özündə tapmamışdı – red) yenə vəziyyətin gərginləşməsinə çalışdı.

Amma bu gün Vladivostokdakı erməni baş nazir Rusiya dövlət başçısı Vladimir Putinin də iştirak etdiyi Şərq İqtisadi Forumundakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını növbəti dəfə bildirib.

Buradan da göründüyü kimi, erməni baş nazir hazırda çox çətin bir vəziyyətin içərisindədir və bu proseslərdən necə sağlam çıxmağın düsturunu müəyyənləşdirməkdə nəinki əziyyət çəkir, getdikcə özünü daha çətin duruma salır. Çünki Moskva da, Avropa ittifaqı da, Ankara da, Bakı da Paşinyanın son 4-5 gün içərisində iki fərqli açıqlamasından artıq məlumatlıdır. Erməni baş nazir İrəvanda yenidən danışıqlar prosesinə xələl gətirəcək bəyanatların ardından Rusiyada heç nə olmamış kimi Bakı ilə sülhə hazır olduqları, münasibətləri normallaşdırmaq təəssüratı yaratmaq cəhdi olduqca absurd və gülünc görünür.

Amma burada diqqəti Paşinyanın başqa ifadələri də çəkir. O, öncə Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirib və sonra fikirlərinə əlavə edib: “Ermənistanı Moskvada Qərbyönlü, Avropada isə Rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər”.

Əslində Paşinyan bu ifadə ilə özünü, siyasətini, ikili oyununu təmizə çıxarmağı, addımlarına, qərarlarına haqq qazandırmağı planlaşdırsa da, erməni baş nazir növbəti dəfə özünü rəzil duruma salıb. O, bu cümlələrlə Rusiya ilə Qərb arasında vurnuxduğunu etiraf etmiş olub. Rusiyanı inandırmağa çalışıb ki, əslində mən kənardan göründüyü kimi müxtəlif qütblərə oynamıram.

Amma Paşinyan nəzərindən qaçırır ki, məhz onun nazirləri mütəmadi okeanın o tayına (ABŞ), amerikalı, fransalı ydövlət rəsmiləri və diplomatlar isə İrəvana səfərlər edirlər. Kreml bunu çox yaxşı bilir, sadəcə hələlik Paşinyanın nağıllarına qulaq asmağı seçir.

Necə ki, Paşinyanın bir neçə dəfə yerli-yersiz “Rusiya Ermənistanın strateji müttəfiqidir” ifadəsindən istifadə etdi və V. Putinin onun bu bədhiyyələrini dinlədi. Burada Rusiya ilə strateji müttəfiqliyin vacibliyini vurğulayan Paşinyan, onu da yaxşı bilir ki, Rusiya regionda Ermənistanın təhlükəsizliyinin əsas qarantlarından biridir. Bu səbəbdən də əslində orbitindən qopmağa çalışdığı Rusiyanı aldatmaq fürsətindən yenə yararlanmağa çalışıb.

Lakin Paşinyanın çıxışı zamanı “status” və digər sərsəm ifadələrdən istifadə etməməsi, bunun əvəzində müzakirəsi davam edən (Moskva platformasında) nəqliyyat-kommunikasiya danışıqlarındakı irəliləyişi vurğulaması bir daha təsdiq edir ki, Brüssel ilə Moskvanın Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması yolunda moderatorluq mübarizəsi qızışır, rəqabət açıq müstəviyə keçir. Bu da ilk növbədə Bakı üçün arzulanan mənzərədir. Çünki rəsmi Bakı hansı tərəf bu missiyanı layiqincə yerinə yetirəcəksə, fəallıq nümayiş etdirəcəksə məhz həmin tərəflə də bu və digər məsələlərdə əməkdaşlıqda maraqlı olacaq. İndiki məqamda istər Rusiya, istərsə də Aİ ələ düşən bu fürsəti itirmək fikrində deyil. Proseslər isə deməyə əsas verir ki, zaman Bakının lehinə işləyir.

milli.az