Editor.az Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə müsahibəsini təqdim edir:
-Elşad bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında deyib ki, bu ilin sonuna qədər Bakı ilə sülh müqaviləsi imzalamağa hazırıq, eyni zamanda oktyabrın sonunda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Brüsseldə danışıqların davam etdirilməsi razılaşdırılıb.Sizcə, bu görüşdən müsbət nəticələr gözləmək mümkündürmü? Sülh müqaviləsi imzalanacaqmı?
-Bu günə qədər müxtəlif müstəvilərdə sülh müqaviləsinin imzalanması, ölkələr arasında normal münasibətlərin qurulması, delimitasiya və demarkasiya məsələlərinin həlli və kommunikasiya xətlərinin açılması ilə bağlı bir çox müzakirələr olub. Həmin danışıqlar iri güclərin iştirakı ilə həyata keçirilib. Təəssüf ki, hər dəfə Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasını ləngidib. Ermənistan baş naziri Nikol Paşinyan populist çıxışlarını davam etdirərək ilin axırına qədər sülh müqaviləsinin imzalana biləcəyini deyir. Bununla da topu Azərbaycan tərəfə atır. Belə çıxır ki, guya Paşinyan bütün məsələlərin həllinə razıdır, lakin bu işə mane olan rəsmi Bakıdır. Ermənistanın arxasında dayanan Qərb dairələri də bu gün eyni mövqedən çıxış edirlər. Biz hansı müstəvidə olursa-olsun, danışıqların müsbət yekunlaşmasının tərəfdarı olmuşuq. İndiki halda sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaranıb. Əvvəl Ermənistan hökuməti Qarabağda gedən prosesləri bəhanə edirdi. Qondarma qurumla bağlı müəyyən tərəddüdlər var idi. Ona görə də bu məsələdən çəkinirdilər. Lakin hazırda bu problem də yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa edib. Ermənilərin hər hansı rolu yoxdur. Qarşıda duran əsas məsələ isə tərəflər arasında sülh müqaviləsinin imzalanmasıdır. Rəsmi İrəvanın isə buna hazır olduğunu düşünmürəm. Bir müddət öncə Nikol Paşinyan belə bir mövqe sərgiləyirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya və demarkasiya məsələsinə baxılsın. Yenə də qeyri-səmimilik özünü göstərir. Əsas istəkləri isə prosesin uzanmasıdır. Qazax rayonun 7, Naxçıvanın isə Kərki kəndi hələ də işğal altındadır. Həmin əraziləri vermək istəmirlər. Bu istiqamətdə isə Qərbin timsalında arxa-dayaq axtardılar. Əsasən də Avropa İttifaqına daxil olan ölkələr, Fransa da ona bu sahədə dəstək verməyə başladı. Ermənistan bu günə qədər apardığı səhv siyasətindən imtina etməlidir. Azərbaycan və Türkiyə ilə əlaqə saxlamalıdır. Ermənilərin xislətindən əl çəkəcəyini və ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını düşünmürəm.
-Hər dəfə liderlərin görüşü ərəfəsində erməni təxribatlarının şahidi oluruq. Son hadisələrdən sonra eyni təxribatların baş verməsi gözləniləndir?
– Bu məsələ ilə bağlı siyasi çevrədə narahatlıq var idi. Düşünülürdü ki, ermənilər çox qıcıqlanarsa, terror dəstəsi yaradıb bundan istifadə edərlər. Ermənistanda o qətiyyət yoxdur. Əgər rəsmi İrəvan bu üsuldan istifadə edərsə, Azərbaycan İrəvana qədər gedəcək. Bunu ermənilər də gördü. 44 günlük Vətən müharibəsində bunun şahidi oldular. Azərbaycan qətiyyətlidir, təhlükəsizlik zolağı yarada bilər. Ermənilər işğal altında qalan rayonları geri qaytarmalı, Zəngəzur dəhlizin açılmasına maneə yaratmamalı və Azərbaycanla dinc münasibət saxlamalıdırlar. Əks halda Azərbaycan öz təhlükəsizliyini qorumaq hüququna malikdir. Bu da BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulub. Biz qorxan mövqedə olmamalıyıq. Rəsmi Bakı qalib gəlib. Şərtləri diktə edən tərəfdir. Qardaş Türkiyə ilə birgə hərəkət edirik. Azərbaycanın qonşu ölkələrlə də münasibəti normallaşır. İranın da ölkəmizlə bağlı istəkləri var. Lakin Azərbaycan və Türkiyə başa saldı ki, Ermənistan bölgəni qan çanağına çevirmək istəyir. Digər ölkələrin kəşfiyyatçılarını, jandarmalarını missiya adı altında ərazilərinə gətiriblər. Bu qüvvələri də beynəlxalq missiya adı altında Qarabağda məskunlaşdırmaq istəyir. İran da Ermənistan üzərindən özünə qarşı hücumların olacağından qorxduğu üçün müəyyən mənada geri çəkildi. Başladığımız lokal anti-terror əməliyyatlarına da bu səbəbdən bölgə dövlətləri reaksiya verə bilmədi. Paşinyanın niyyəti öz hakimiyyətini qoruyub saxlamaq və iri güclərin sözündən çıxmamaqdır.
–Sizcə, Nikol Paşinyanın antiRusiya siyasəti və son hadisələr rəsmi Moskvanı tərəflər arasında sülhün əldə edilməsi istiqamətində vasitəçilikdən uzaqlaşdırır? Rusiyadan hər hansı təhlükə gözləniləndir?
-Paşinyan Rusiyadan istədiyini ala bilmədi. Rəsmi Moskvadan həm təhlükəsizlik təminatı almaq, həm də Ermənistan tərəfindən Azərbaycanla münaqişəyə girməsini istəyirdi. Hətta 44 günlük Vətən müharibəmizdə belə Rusiya Ermənistana silah verib. Rəsmi İrəvan da həmin dəstəyin davam etməsini gözləyirdi. Lakin rəsmi Moskvanın başı Ukrayna bataqlığına qarışıb. Ermənistan paralel olaraq bir neçə masadan qazanc əldə etməyə çalışırdı. Rəsmi İrəvanın vəziyyəti indi çətindir. Paşinyanı hakimiyyətə Qərb gətirib və ona qarşı müəyyən təzyiqlər var. Həmin qüvvələrin şərtinə uyğun olaraq Rusiyadan uzaqlaşmağa çalışır. Rəsmi Moskva ilə İrəvan arasında münasibətlərin korlanması bizə sərf edir.
//Safura Bənnayeva, Editor.az

