“Nikol Paşinyanın gələcək aqibətinə təsir edən və ona qarşı ölkə xaricində və daxilindəki təzyiqin əsas hissəsi məhz Qarabağla bağlı olan məsələlərdir. Buna da heç kimin şübhəsi yoxdur”.
Bu sözləri siyasi şərhçi Zaur Məmmədov deyib.
O, son günlər Ermənistanda baş verən hadisələr, habelə 31 avqust görüşündən əvvəl və sonra Azərbaycanın Qarabağ məsələsindəki əlini gücləndirməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi rıçaqlarının zəiflədilməsi məsələsinə münasibət bildirib.
Müsahibimizin sözlərinə görə, aydın məsələdir ki, Ermənistanın sosial iqtisadi vəziyyəti yaxşı durumda deyil və ciddi problemlər var:
“Amma burada əsas məsələ ondan ibarətdir ki, Paşinyanı hakimiyyətdən devirə biləcək şəxslərin zamanında da Ermənistanda vəziyyət heç yaxşı olmayıb. Amma Qarabağ məsələsi ilə bağlı biz 2 ildir ki, vəziyyətin dəyişilməsinin şahidi olduq. Belə olan təqdirdə son danışıqlar prosesində müəyyən razılaşmaların olması, habelə Nikol Paşinyanın Azərbaycanın 5 şərtini qəbul etməsi və sonuncu sülh danışıqlarının mətni ilə bağlı sentyabr ayında XİN rəhbərlərinin keçirəcəyi görüş ondan xəbər verir ki, yeni proseslər xaricdəki bəzi qüvvələrin marağına cavab vermirsə və onlar bunu öz dövlət maraqlarına təhdid görürlərsə, əlbəttə ki, istənilən variantdan istifadə edib Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün əllərindən gələni edə bilərlər. Bu sui-qəsd də ola bilər, hakimiyyətin güc yolu ilə devrilməsi də, inqilab da. Burada bəzi dövlətlərin də maraqları var”.
Z. Məmmədov deyib ki, belə olan təqdirdə Qərb proseslərdə iştirak etməyəcək və müxlaifətə dəstək verməyəcək:
“Çünki Qərbin özü də bəzi son razılaşmalardan razı deyil, amma bilir ki, Paşinyanın Ermənistanda digər alternativi yoxdur.
O ki qaldı İrana və Rusiyaya, Paşinyanın atdığı addımlar birmənalı olaraq Tehranın maraqlarına da cavab vermir. Çünki onlar daha çox “Qarabağ klanı”nı dəstəkləyirlər, sadəcə onlarla “Qarabağ klanı” arasında yetərli kommunikasiya yoxdur. Rusiyaya gəldikə isə Rusiyanın həm Paşinyana, həm də Ermənistan müxalifətinə təsiri hər kəsə məlumdur. Lazım gələrsə, düymə basılarsa, biz İrəvan küçələrində və Ermənistanın ayrı-ayrı şəhərlərinin mərkəzlərində ciddi şəkildəki pressinqin şahidi ola bilərik”.
“Avqustun 31-dəki görüşdən sonra sentyabrın 1-dən başlayaraq Paşinyana qarşı ciddi və kütləvi mitinqlərə start verilə bilər. Lakin bu kütləvi mitinqlərdə xalq iştirak etmir və bundan sonra da iştirak etməyəcək. Bir qrup şəxsin isə çeviriliş etmə imkanları yəqin ki, nəzərdən keçirilə bilər. Hər halda orada baş verən qeyri-müəyyənlik danışıqlar prosesinə böyük zərbə vura bilər”, – deyə yekunlaşdırıb.
//yenisabah.az

