Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə Ermənistan baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ hakimiyyətinin təklifini təqdim etdiyini bildirib. Təklif odur ki, Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradılsın.
“2021-ci ildə olduğu kimi eyni təklifi vermişik. Bu dəfə təklifi daha geniş şəkildə verdik ki, əgər biz 1991-ci ildəki sərhəd xəttini qəbul etsək, indi Praqada və Soçidə qeydə alındığı kimi, o zaman qarşılıqlı olaraq qoşunlarımızı həmin sərhəd xəttindən çıxarmalıyıq”.
Ermənistan mediasında yer alan bu fikri Editor.az-a şərh edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, Praqada və Soçidə 1991-ci ildə imzalanmış Alma-Ata bəyannaməsinə istinad olunub:

“Həmin bəyannaməyə görə, dövlətlərin sərhədləri onların inzibati sərhədləri ilə eyni sayılır. Lakin məsələ bundan ibarətdir ki, həmin sərhədlər də dəqiq deyil. Sərhədlərin müəyyən edilməsi üçün mütləq delimitasiya və demarkasiya işləri aparılmalıdır. Bu prosesin də 30 il ləngiməsinin əsas təqsirkarı Ermənistandır. Həmin müddət ərzində Azərbaycan torpaqları işğal altında qaldı.
Bu gün sərhədlər dəqiq deyil, amma Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, onlar sərhədin haradan keçdiyini bilirlər və Azərbaycan həmin “məlum olan” sərhədi guya 130-140 km² keçib. Yəni, Ermənistan ərazisinə daxil olub”.
A.Səmədovun sözlərinə görə, Paşinyanın bu təklifinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan onların qeyd etdiyi sərhəddə çəkilməlidir:
“Daha sonra isə orada bufer zona yaradılmalıdır. Lakin Nikol Paşinyan hələ də dərk edə bilmir ki, bunun üçün də delimitasiya işləri aparılmalıdır. Yalnız bundan sonra digər təkliflərə baxmaq olar. Paşinyan ard-arda bu cür təkliflər verməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır. Gah Azərbaycana Zəngəzur dəhlizi əvəzinə 3 marşurut verilməsini, gah da qoşunların sinxron şəkildə çəkilməsini təklif edir. Bunda məqsəd delimitasiya və demarkasiya işlərini ləngitmək, sülh sazişini imzalanmasını mümkün qədər gecikdirməkdir. Ermənistan Rusiyanın tədricən dəyişən mövqeyinə ümid edir. Əgər 2022-ci ilə qədər Rusiya əksər məsələlərdə Azərbaycanla eyni mövqedə idisə, sonradan ermənilərə yaxınlaşma xəttini əsas tutdu. Səbəbi isə Ermənistanda başlayan antiRusiya əməliyyatıdır. Ermənilər Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb etməyə başlayanda görünür Rusiya hesab etdi ki, bu proseslərin qarşısını almaq üçün artıq onlara yaxınlaşmalıdır. Uğursuz Soçi görüşündə də Rusiya bu yanaşmasını bəyannaməyə daxil etməyə çalışdı və Azərbaycan təbii ki, buna imkan vermədi.
Bundan sonra da Paşinyanın bu formada dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş təklifləri olacaq. Amma bu dəfə Qərb, ABŞ və Avropa İttifaqı həmin addımların qarşısını alacaq. İlin sonuna kimi sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya işlərinin yekunlaşmasına nail olacaq”.
//Safura Bənnayeva, Editor.az

