“Azərbaycanın delimitasiya məsələsinin həlli üçün təqdim etdiyi xəritələr birmənalı şəkildə SSR-nin dövründə həmin respublikalar arasında olan sərhəddir. Burada yüksəkliklərin, sərhəd xətləri aydın görünür. Hətta rəsmi Bakı üçtərəfli danışıqlarda delimitasiya prosesində hər zaman SSR-i dönəminə aid hərbi xəritələrdən istifadə edəcəyimizi mütləq şəkildə ortaya qoyur”.
Bu fikirləri Editor.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan və Ermənistan siyasi rəhbərliyi razılaşdıqları məsələlərdən boyun qaçırır:
“ Bu gün nağıllar danışaraq bunu problemə çeviməyə çalışırlar. Əsas məqsədləri isə status-kvonu saxlamaq, vaxtı uzatmaqdır. Hüquqi qüvvəyə malik sənədlər dedikdə isə 1988-1991-ci ildə keçirilən qondarma referendumları nəzərdə tuturlar. Bunların heç bir əsası yoxdur.Məlumdur ki, Ermənistan dövləti Ermənistan SSR-inin varisidir. Lakin Azərbaycan dövləti konstitusiyaya uyğun olaraq AXC-nin vaxtında olan ərazilərlə birlikdə varisdir. Biz həm beynəlxalq hüquq, həm də konstitusiyaya istinad edərək məsələni ortaya qoymuşuq. Sadəcə bu növbəti siyasi gedişdir. Böyük görüşlərdən sonra baş verən bu təxribatlar Ermənistanın həm daxili, həm də xarici siyasətində baş verən problemlərlə bağlıdır. Paşinyanın və digərlərinin haqqı yoxdur ki, belə sərsəm bəyanatlar versin. Azərbaycan qalib tərəfdir. Öz fikirlərini bir istiqamətdə diktə edir və elə də davam edəcək”.
//Safura Bənnayeva, Editor.az

