Paşinyanın ÇIXIŞ YOLU: Ermənistan üçün sülh tək ümidə çevrilirbackend

Paşinyanın ÇIXIŞ YOLU: Ermənistan üçün sülh tək ümidə çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan siyasi rəhbərliyi son dövrlərdə regiondakı geosiyasi dəyişiklikləri nəzərə alaraq, Azərbaycanla sülh sazişinin imzalanmasını prioritet məqsəd kimi müəyyənləşdirib. Xüsusilə Rusiyanın artan təzyiqləri fonunda Paşinyan hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşdırılmasını Ermənistanın təhlükəsizliyini və iqtisadi gələcəyini təmin edə biləcək əsas çıxış yolu kimi görür. Bu, həm regionun gələcəyi, həm də Ermənistanın suveren qərar vermə qabiliyyəti baxımından kritik mərhələdir.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib ki, Paşinyan hökuməti hazırda Azərbaycanla yekun sülh sazişinin imzalanmasını Ermənistan üçün əsas prioritet hədəf kimi ön plana çıxarmağa başlayıb:

“Moskvanın İrəvana qarşı artan siyasi və diplomatik təzyiqləri fonunda Paşinyan rejimi bu sazişi həm daxili sabitliyin qorunması, həm də xarici təcridin aradan qaldırılması üçün real imkan kimi dəyərləndirir. Azərbaycanla sülhün əldə olunması Ermənistan üçün bir sıra strateji üstünlüklər vəd edir. İlk növbədə, bu addım Rusiyadan asılılığın azaldılması və ölkənin geosiyasi balansını qorumağa yönəlmiş mühüm fürsət ola bilər. Digər tərəfdən, Ermənistanın regional blokadadan çıxarılması, həm Azərbaycan, həm də Türkiyə ilə diplomatik və iqtisadi əlaqələrin qurulması perspektivləri yaranır”.

E. Xalidbəylinin sözlərinə görə, mövcud şəraitdə İrəvanın sülh sazişi istiqamətində real addımlar atmaqdan başqa alternativi qalmayıb:

“Paşinyan hökuməti Azərbaycanın iki əsas şərtini qəbul etmədən bu məqsədə nail ola bilməz. Bu şərtlərdən birincisi – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv olunması, ikincisi isə – Minsk Qrupunun rəsmi ləğvi ilə bağlı ATƏT-ə Azərbaycanla birgə müraciətin edilməsidir.

Bu istiqamətdə artıq bəzi ilkin addımların atıldığı görünür. Lakin sülh sazişinin gerçəkləşməsi üçün Ermənistanın real siyasi iradə nümayiş etdirməsi və daxili ictimai-siyasi qüvvələri bu kurs ətrafında konsolidasiya etməsi əsas şərtdir. Əks halda, geosiyasi təzyiqlər daha da dərinləşəcək və Ermənistan üçün manevr imkanları daralacaq”.

//Gülnarə Abasova, Editor.az