Ermənistandakı parlament seçkilərinə iki ay qalıb. 7 iyunda keçiriləcək seçkilər Ermənistanın ictimai-siyasi mühitində gərginliyi pik həddə çatdırıb.
Musavat.combildirir ki, seçki kampaniyası artıq yalnız siyasi rəqabət çərçivəsində deyil, açıq təhqir, təhdid və nifrət dili ilə müşayiət olunur.
Baş nazir, hakim blokun namizədi Nikol Paşinyan ilə müxalifətin, xüsusilə rusiyayönümlü qüvvələrin əsas fiquru Robert Köçəryan arasında sözlü qarşıdurma açıq müstəviyə keçib. Tərəflər bir-birinə qarşı son dərəcə sərt və aşağılayıcı ifadələr işlətməkdən çəkinmir. Köçəryan Paşinyanın sosial mediada aktivliyini tənqid edərək bildirib ki, “kim eşşək kimi anqırsa, sosial mediada daha çox populyarlaşır və baxış toplayır”. Bu ifadə ilə o, faktiki olaraq Nikol Paşinyanın davranışlarını məsxərəyə qoyub.
Buna cavab olaraq Paşinyan daha sərt ritorika seçib. O, Köçəryanı istehza ilə sosial mediada “eşşək kimi anqırmağa” çağıraraq, bunun heç bir ciddi maraq doğurmayacağını bildirib. Paşinyanın sözlərinə görə, bu, Köçəryanın aşağı reytinqinin və ictimai nüfuzunun zəifliyinin göstəricisidir.
Seçki kampaniyasının diqqət çəkən digər məqamı isə Nikol Paşinyanın təhlükə ritorikası olub. O, açıq şəkildə bəyan edib ki, əgər Robert Köçəryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə” başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər.
Parlament sədri Alen Simonyan da bir müddət öncə jurnalistlərə demişdi ki, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq.

“Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq”, – Simonyan bildirib.
Spiker əlavə edib ki, Ermənistanın indiki hökuməti, “Vətəndaş müqaviləsi” – sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır.
“Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır” – Alen Simonyan deyib.
Yeri gəlmişkən, Simonyan bu günlərdə bildirib ki, Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır.
“Bir çox qüvvələr Azərbaycan və Ermənistanı ən azından bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydın görünür. Çünki onlar bizim vasitəmizlə dominantlıq etmək istəyirlər. Biz iki xalq və dövlət buna imkan verməməliyik”, – deyə Alen Simonyan diqqətçəkən mövqe paylaşıb.
Beləliklə, Ermənistanda seçki mühiti getdikcə daha aqressiv və nəzarətdən çıxan bir mərhələyə daxil olur. Siyasi debatlar proqram və ideyalar üzərindən deyil, qarşılıqlı ittihamlar və şəxsi hücumlar üzərində qurulur.
Simonyan və digər Ermənistan rəsmilərinin Azərbaycan və Ermənistanı yenidən müharibəyə cəlb etmək istəyənlərin olması ilə bağlı dediklərinin fonunda Rusiya hakimiyyətinin Qarabağ mövzusunu gündəmə gətirmək cəhdləri müşahidə olunur.
Azərbaycan XİN-in əsaslı etirazı da oldu…
Həmin açıqlamada bildirilir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
“Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətinin və XİN-in diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib”, – XİN-in açıqlamasında deyilir.
Həmçinin xatırladılır ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir:
“Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub. Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb. Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”.
Hələlik rəsmi Moskvadan reaksiya yoxdur. Azərbaycan və Ermənistana ünvanlı xoşagəlməz atmacalar isə davam edir. Xüsusilə də Ermənistandakı seçkilər öncəsi rəsmi Moskvanın Paşinyanı küncə sıxmağa başladığı aydın görünür. Bu ərəfədə baş nazirliyə namizədliyini irəli sürən Robert Köçəryanın ortaya iddia qoyması və Serj Sərkisyandan fərqli olaraq daha iddialı görünməsi də şübhəsiz, Kremlin işarəsinin məntiqi nəticəsidir.
Bəs Köçəryanın seçilmək ehtimalı varmı? Onun yolunu təmizləmək üçün Paşinyana qarşı terrora əl atıla bilərmi? Nikol Paşinyanın müharibə xəbərdarlığını necə təhlil etmək olar? Bu, Köçəryan və digər revanşistləri dəstəkləməmək üçün xalqı qorxutmaq cəhdidir, yoxsa realdır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın radikal müxalifəti Nikol Paşinyana qarşı ittifaq qurmağa çalışır:
“Bəzi partiyalar parlament seçkisində səs toplamayacağını anlayaraq digər partiyalarla ittifaqda yer almağa çalışırlar. Misal üçün, keçmiş prezident Serj Sərkisyan lideri olduğu partiyasının seçkiyə qatılmayacağını bəyan edib. Digər eks-prezident Levon Ter-Petrosyanın partiyası isə Samvel Karapetyanın partiyası ilə ittifaqda seçkiyə qatılmaq istəyir. Göründüyü kimi, zəif partiyalar özlərini Samvel Karapetyana calamağa çalışırlar. Bunun iki səbəbi var. Birincisi, Karapetyan özünü Nikol Paşinyana alternativ görür və əlindəki maliyyəni seçki dövründə xərcləməyi planlaşdırır. Bu, ona əlavə səs qazandıra bilər. İkincisi, Rusiya parlament seçkisində Samvel Karapetyanı dəstəkləyəcək. Bunu Rusiya rəsmiləri gizlətmirlər. Rusiya prezidenti Vladimir Putin Kremldə Nikol Paşinyanı qəbulunda Samvel Karapetyana işarə edərək ona seçkidə iştiraka şərait yaradılmasını tələb etdi. Bu, Putinin Ermənistandakı radikal müxalifətə işarəsi idi ki, hamısı Samvel Karapetyanın ətrafında birləşsin”.
Politoloq qeyd edib ki, Nikol Paşinyanın reytinqi aşağı ensə də, partiyasının seçkidə qələbə qazanma ehtimalı yüksəkdir:
“Ancaq bu səslər ona təkbaşına hökuməti formalaşdırmağa imkan verəcəkmi? Bu, ciddi sualdır. Paşinyan bu səbəbdən şəhər və qəsəbələri gəzməklə faktiki seçki kampaniyası başladıb. Nikol Paşinyan erməni cəmiyyətinə əsas tesizini də çatdırmaqda davam edir. “Mənə yox, radikal müxalifətə səs versəniz, yenidən müharibə başlayacaq” – deyən Paşinyan erməniləri səhv qərardan yayındırmağa çalışır. Ermənistan parlamentinin sədri Alen Simonyan da Nikol Paşinyanla eyni mövqedədir. Simonyanın “Ermənistan və Azərbaycanın təhlükəsizliyi bir-birindən asılıdır” açıqlaması da bundan xəbər verir. Alen Simonyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır, Azərbaycanın təhlükəsizliyinin qarantı isə Ermənistandır. Bu arqument də erməniləri radikal müxalifətə dəstəkdən yayındırmalıdır”.
Politoloq vurğulayıb ki, başda Rusiya prezidenti Vladimir Putin olmaqla, ölkə rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamaları rəsmi Bakının ciddi narazılığına səbəb olub:
“Rusiya rəsmiləri Paşinyana müxalif olan qüvvələrə dəstək verməklə yanaşı, Azərbaycanla münasibətləri gərginləşdirən açıqlamalara da üstünlük verirlər. Bununla Kreml həm Ermənistan hökuməti, həm də Azərbaycan hakimiyyəti ilə münasibətlərdə soyuqluq yaradır. Görünür, Rusiyadakı siyasi dairələri Cənubi Qafqazda sülh və sabitlik deyil, qarşıdurma vasitəsilə maraqlarının qorunması maraqlandırır. Ancaq bu “vasitə” ilə maraqların qorunması keçmişdə qaldı və Kreml bunu nə qədər tez anlasa, bir o qədər Rusiyanın xeyrinə olar”.

