Paşinyanın dostu “Bakı ilə razılaş” dedi, İrəvan qarışdı – Dəhlizlə bağlı yeni təhlükəbackend

Paşinyanın dostu “Bakı ilə razılaş” dedi, İrəvan qarışdı – Dəhlizlə bağlı yeni təhlükə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və Azərbaycanla sülh sazişinə dair səsləndirdiyi fikirlər İrəvanda təşvişə səbəb olub. Makron sülh müqaviləsinin imzalanmasının münasibətlərdə yeni səhifə aça biləcəyini söyləyib.

Erməni siyasi ekspertlər isə Paşinyanın Paris səfəri və Fransa prezidenti ilə görüşünü İrəvan üçün yeni təhlükə kimi dəyərləndirirlər. Paşinyanın hələ 2022-ci ildə məhz Makronla görüşdən sonra Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı və rəsmi sənədə imza atdığı vurğulanıb. Beləliklə Ermənistanı Azərbaycanla sülh prosesində yeni güzəştlərin gözlədiyi deyilir, liderlərin görüşü isə “pis hadisələrin xəbərçisi” adlandırılır.

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanda revanşist qüvvələr mövcuddur:

“Bu qüvvələr sülh müqaviləsini qəbul etmir, həmin sənədin Qarabağdan tamamilə imtina, Zəngəzur dəhlizinin açılması və nəzarətin Azərbaycana verilməsinin təsdiqi olduğunu düşünürlər. Onlar Ermənistanın vaxt qazanaraq güclənməli və Qarabağı geri qaytarmalı olduğunu bildirirlər. Bu isə əvvəlki siyasət, ritorika və baxış bucağının yenidən nümayişidir. Onlar bu fikirlərə ermənilərin xalq olaraq və dövlət kimi regionda ayaqda durması baxımından yanaşırlar. Paşinyan da, əslində, sülh müqaviləsinə imza atmaq istəyir və Makronla bu mövzuda fikirləri üst-üstə düşür. O baxımdan, Fransa prezidentinin Ermənistanın baş nazirini sülh məsələsində dəstəkləməsində təəccüblü bir hal yoxdur. Hər ikisi də Azərbaycanla sülh müqaviləsinin imzalansına çalışır”.

Politoloq qeyd edib ki, Azərbaycan Qarabağla kifayətlənməməlidir:

“Zəngəzur və Göyçəni də nəzarət altına almalı, ümumilikdə bu ərazilərə sahib olmağı bacarmalıyıq. Ən azından məsələnin aktuallığını qoruyub saxlamalıyıq. Erməni tərəfi referendum keçirməyənə qədər hər hansı bir sülh müqaviləsinin imzalanması düzgün olmazdı. Çünki qeyd etdiyim kimi, Ermənistanda revanşist qüvvələr var. Əgər referendumdan əvvəl sülh müqaviləsi imzalanar, həmin qüvvələr Ermənistanda keçiriləcək parlament seçkilərində hakimiyyətə gələrsə və ya koalisiya bir hakimiyyət qurularsa, bu, bizə problem yaradacaq. Ona görə də Zəngəzur dəhlizi məsələsi referenduma qədər həll edilməlidir. Ancaq bundan sonra hansısa sülh müqaviləsindən danışmaq olar”.