“Nikol Paşinyan seçkidən sonra ilk səfərini İrana etməklə regionda ikili oyunlar oynadığını sübut etdi. İran prezidenti İbrahim Rəisinin Azərbaycanı torpaqlarını işğaldan azad etməsi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik, eyni zamanda İranın xarici işlər nazirliyinin verdiyi bəyanatlar, İranın Bakıdakı səfərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi mesajlar Ermənistanı ciddi şəkildə narahat edir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, bildirib ki, bu narahatlıqların fonunda Nikol Paşinyan regionda yeni gərginlik ocaqları yaratmağa, eyni zamanda Azərbaycan və İran arasında diplomatik münasibətləri ləkələməyə çalışır:
“Düşünürəm ki, İran İslam Respublikasının rəhbərliyi, özəlliklə media üzərindən yayılan bəzi çaşdırıcı xəbər və həssas informasiyaları nəzərə alaraq Ermənistan baş nazirini qəbul edərkən daha diqqətli olacaq və ümumiyyətlə, Nikol Paşinyanın səfərinin təfərrüatlarına dair Azərbaycanı qıcıqlandıracaq heç bir açıqlama verməyəcək. Azərbaycanın regional layihələrində eyni zamanda , 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması məsələsində İran İslam Respublikası maraqlı olduğunu müxtəlif şəkildə nümayiş etdirib. Hesab edirəm ki, Paşinyanın İrana səfərində bütün bu məsələrlə bağlı narahatlıq əsas gündəm mövzusu olacaq. Ümumilikdə isə bu görüşdə İran-Azərbaycan münasibətlərini zədələyəcək hadisə baş verməyəcək. Nikol Paşinyanın etdiyi ikiüzlü manevr cəhdləri bir daha uğursuz olacaq”.
//Gülnarə Abasova, Editor.az

