“Azərbaycan Rusiya sülhməramlılarının ərazilərini tərk etməsində maraqlıdır”.
Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasında “Rusiya sülhməramlıları Qarabağı tərk etsə, onlar Rusiyaya qayıtmalıdır”,- deyə səsləndirdiyi fikirləri və Paşinyanın bu məsələdə narahatlığının əsas səbəblərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, sülhməramlıların 2025-ci ildən əlavə müddətə Qarabağda qalması rəsmi Bakının maraqlarına uyğun deyil:
” Rusiya sülhməramlıları bir neçə rayondan öz postlarını yığışdırmaqla məşğuldurlar. Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin də “Valday “görüşü zamanı çıxışında bu haqda məlumat verdi. Belə ki, Azərbaycan öz torpaqlarında suverenliyi bərpa etdikdən sonra sülhməramlıların həmin ərazilərdə qalmasının heç bir mənası yoxdur”.
Politoloqun fikrincə, Azərbaycan Ermənistan və Rusiya dövlət başçıları arasında sülhməramlıların Qarabağdakı fəaliyyəti haqqında yeni görüş keçirilməli, müzakirələr aparılmalıdır:
” Bu məsələ tamamilə həll olunmalıdır. Lakin Rusiya sülhməramlı qüvvələrinin əvəzinə Ermənistan Aİ və ya Fransanın “missiyası”nı bölgəyə gətirməkdə maraqlıdırsa, bunu başqa aspektdə irəli sürəcək. Yəni, Azərbaycan torpaqlarında başqa ölkənin əsgərləri olacaq. Bu da qəbuledilməzdir. Nikol Paşinyan bu gün rus əsgərlərinin getməsini istəyirsə, eyni qaydada Fransanın və ya digər ölkələrin hərbçilərinin təlim keçməsi, sərhədlərə yaxın yerləşdirilməsinə də yol verməməlidir. Bu nə Azərbaycan, nə də Rusiya üçün qəbulolunandır”.
R.Məmmədovanın sözlərinə görə, Paşinyan öz hakimiyyətini itirməkdən qorxduğu üçün bölgəyə Fransa əsgərlərini gətirməkdə maraqlıdır:
“Bu gün Ermənistanın antirus siyasəti istiqamətində atdığı silsilə addımlar onu göstərir ki, Paşinyan kreslosu və canından narahatdır. Çünki belə bir fikir də səsləndirilirdi ki, V.Putin N.Paşinyanın hakimiyyətdən uzaqlaşmasına nail olduqdan sonra Rusiya meyilli bir şəxsin hakimiyyətə gəlməsinə çalışacaq. Doğrudur, bu hazırda mümkün deyil. Ona görə ki, sülh müqaviləsini Paşinyanla imzalamaq lazımdır. Nikol Paşinyandan sonra hakimiyyətə gələn qüvvənin nə edəcəyi də bəlli deyil”.
//Safura Bənnayeva, Editor.az

