“Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada görüş baş tutub. Hal-hazırda regionun əsas diqqət mərkəzi Moskvadır. Görüşdə müzakirə edilən əsas məsələlər isə Qarabağ, şərqi Zəngəzur, Azərbaycan-Ermənistan arasında gələcək proseslər, eyni zamanda, Ermənistanın xarici siyasəti ilə bağlı olub. Görünür, Ukrayna hadisələri fonunda Rusiya Ermənistanın ondan uzaqlaşmasına imkan verməyəcək”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Kremlin mətbuata açıqlamalarına nəzər saldıqda əksər bəndlərdə yeni reallıq fonunda Rusiyanın istəklərinin nəzərə alındığını görmək olar:
“Ermənistanın mədəniyyət, təhsil, humanitar sahələrdə Rusiyaya daha da yaxınlaşmasını ehtiva edən bəyanatlardır. Rus dili, rus mədəniyyəti, rus kitabları ilə bağlı verilən qərarlar, KİV-lərin ümumi informasiya dairəsi, eyni zamanda təhlükəsizlik məsələləri ilə bağlı da edilən açıqlamalar İrəvanı Moskvadan uzaqlaşdırmamağa hesablanıb. Ermənistan cəmiyyətinin və dövlətinin Rusiyadan gedərək təcrid olması Moskvada narahatlıq doğurur və rəsmi Kreml siyasi yollarla Ermənistanın Rusiyanın orbitindən qaçmaması üçün addımlar atır”.
Siyasi analitik vurğulayıb ki, Ukrayna hadisələri fonunda Azərbaycanın qəti mövqe nümayiş etdirməsi, Azərbaycan Ordusunun Qarabağda bir sıra yüksəklik və kəndlərdən erməni hərbi birləşmələrini qovması Rusiyanı da istəməyərəkdən Ermənistanın əleyhinə addımlar atmağa vadar edir:
“Dünən rus sülhməramlılarının bir qrup erməni hərbiçilərini zərərsizləşdirilməsi ilə bağlı yayılan məlumat da bunu təsdiqləyir. Onlar yaxşı başa düşür ki, əgər rus sülhməramlıları Azərbaycanın tələblərini yerinə yetirməsə o zaman Azərbaycan Ordusu özü erməni terrorçularını ərazilərindən çıxaracaq. Moskvada Putin və Paşinyan arasında olan görüşün yekun nəticələrində də “Dağlıq Qarabağ” ifadəsi yer almır, Azərbaycanın təklif etdiyi “3+3″ formatı, Zəngəzur dəhlizi və demakrasiya, delimitasiya məsələləri öz əksini tapır. Rusiya üçün burada əsas olan Aİ və digər geosiyasi qütblərin Azərbaycan və Ermənistan arasındakı sülh prosesində başlıca rol oynamasıdır. Moskva istəyir ki, danışıqlar və nəticələr Moskvanın vasitəçiliyi, iştirakı ilə həyata keçirilsin. Baxmayaraq ki, 11 yanvar üçtərəfli Moskva görüşü, 26 noyabr Soçi görüşü müəyyən bəyanatlarla yekunlaşıb, lakin bu istiqamətdə praktiki addımların atılmasına dair heç bir irəliləyiş müşahidə edilmədi. Brüssel görüşünün daha effektiv keçməsi Kremldə ciddi narahatlıq doğurub. Moskva yaxın vaxtlarda Azərbaycanın istək və maraqlarına qarşı gedə bilməyəcək. Sadəcə proseslərin ləngiməsi, bəzi məsələlərdə komprimisə gedilməsi gözləniləndir. Paşinyan bu dəfə də Moskvada Ermənistan maraqlarını təmin edə bilmədi. Paşinyanın yeganə uğuru isə Kremldən Ermənistanda yaxın vaxtlarda hakimiyyət çevrilişinin olmamasına dair zəmanət alması oldu”.
Z.Məmmədov son günlər Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyalarının keçirilməsi ilə bağlı bir sıra məqamlara da aydınlıq gətirib:
“Ermənistan müxalifəti Paşinyanın Moskva səfəri fonunda kütləvi şəkildə İrəvan və regionlarda aksiyalar həyata keçirtdi və onlar hökuməti istefaya çağırırdı. Ancaq Rusiya münaqişəli müxalifətdənsə sülh tərəfdar olan daha mülayim siyasət aparan Nikol Paşinyan hakimiyyətində maraqlıdır. Çünki rəsmi Moskva yaxşı başa düşür ki, Ukrayna müharibəsi onun əleyhinə nəticələnə bilər, ona görə də bölgədə sabitliyin qorunub saxlanılması onun üçün çox vacibdir. Sabitlik isə Ermənistanda yalnız N. Paşinyan hakimiyyəti ilə baş tuta bilər”.
//Gülnarə Abasova, Editor.az

