“Geosiyasətin özünəməxsus qanunları, obyekti və subyekti mövcuddur. Ermənistan, onun siyasi elitası ilk növbədə bunu özü üçün aydın və tam formalaşdırmalıdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Paşinyan daha öncəki iqtidarların buraxdığı səhvlərdən erməni toplumunun gələcəyi üçün nəticə çıxarılmalıdır:
“Onu da etiraf da etməlidirlər ki, Ermənistan bu işə xeyli gecikib. Ukrayna-Rusiya müharibəsinin səmt küləyi, onun Qərbin əli ilə müxtəlif media resurslarında bəzən olduqca yanlış istiqamətə əsdirilməsi Ermənistanı yaman çaşdırdı. Erməni diplomatiyası indiki və sonrakı dövr üçün ən azından özünə görə xarakterik olan ambisiyasını itirdi, xarici amillərdən daha çox asılı düşdü. Geosiyasətin məhz bu səciyyəvi xüsusiyyətlərini itirdiyi üçün Ermənistanın səhvlərinin hüdudları da həddindən artıq olur. Ermənistan coğrafi, tarixi, siyasi və digər amilləri kompleks şəkildə nəzərdən keçirməli, siyasətini gələcəyə yönəltməlidir. Rəsmi İrəvan yeni xarici siyasət kursu hazırlamalı və bunu Qarabağdakı məğlubiyyətin ağır nəticələri, ölkə daxilindəki və xaricindəki kəskin qarşıdurma, iki yana haçalanma fonunda həyata keçirməlidir”.
Politoloqun fikrincə, impulsiv və təcrübəsiz, lakin bir o qədər də hiyləgər olan Nikol Paşinyan populist rəvayətlərlə sıçrayış edib guya “üçüncü dünyanın birincisinə” çevrilmək istəyirdi ki, bunu alındıra bilmədi:
“O, beynəlxalq platformalarda islahatlardan, sosial ədalətdən və “demokratik sıçrayışdan” nağıllar danışaraq xarici təhdidlərdən immunitet qazanacağına, investisiyalar cəlb edəcəyinə, sosial-iqtisadi problemlərin həllində xarici tərəfdaşlardan köməklik görəcəyinə ümid edirdi. Paşinyan anladı ki, Rusiyanın başının üstündən və öz boyundan hündürə tullanmaq alınmayacaq. Çünki heç nə yox, hələ resurs və iqtisadi imkan baxımından Ermənistan buna qadir deyil. Odur ki, balanslaşdırmada çətinliklər çəkdi. Müstəqil xarici siyasət yürütməyə rəvac verən amillərdən biri olan resurs yox, iddia isə boyundan böyük. Onu da deyək ki, Qərb də pulunu çölə tökəsi deyil. Qoyduğunu, ikiqat çıxartmaq istəyir. Deməli, regional aktorlarla daha layiqli ittifaqlar və əlaqələr qurula bilər. Ritorik dəstək əsaslı və konkret materiala çevirilmədiyi müddətcə hansısa aldanmalara getmək erməni toplumunun taleyini, aqibətini ciddi sual altına salmaq deməkdir. O da ola bilər ki, Qərb Paşinyana qərbyönlü dönüş ümidi ilə ilk səhvləri çox tənqid etmədən “güzəşt müddəti” versin, lakin Paşinyan aydın gördü ki, bu zaman kəsiyində də Rusiya da ona “sınaq müddəti” verdi”.
Şəbnəm Həsənova qeyd edir ki, sözügedən istiqamətdə ləngimələr ola bilər, lakin nəticə dəyişməyəcək:
“ İndiki məqamda isə Paşinyan ağzını açmış ac və boz qarğaya bənzəyir. Qərbdən aldığı tulapayı yal da bəs eləmir, odur ki, regional kommunikasiyalar açılmalıdır. Paşinyan sosial-iqtisadi məsələlərlə geosiyasi məsələlər arasında balanslı siyasət, tarazlıq tapmalıdır. Çünki onun qeyri-konvensional xarici siyasət xəttini və yeni təşəbbüsləri həyata keçirmək cəhdi kifayət qədər risklərlə yadda qaldı. Siyasətdə dəstəyi itirmiş populistlər də xarici siyasətlərini hakimiyyətdə qalmalarına hansı kursun kömək edəcəyi üzərində qururlar. Elə bu yerdə deyək ki, “Rusiya müharibənin qarşısını almaq iqtidarındadır” fikri heç kimə yox, elə Paşinyana məxsusdur. Odur ki, ən son deyilən iki fikir üzərində düşünülməli, ciddi ölçüb-biçilmə aparlılmalıdır. Baxmayaraq ki, Rusiyadakı erməni diasporunun bir çox tanınmış simaları-potensial investorlar Paşinyanı dəstəkləmirlər, o, sosial-iqtisadi sabitləşmə də daxil olmaqla bir neçə baxımdan Moskvadan dəstək axtarmağa davam etməyə məcburdur. Geosiyasət isə həm də təfəkkürdür. Erməni toplumu antaqonist təfəkkürünü dəyişməlidir”.
Son olaraq politoloq vurğulayıb ki, rus sülhməramlılarının fəaliyyətlərində hər iki tərəf üçün də kifayət qədər ciddi qüsurlar mövcuddur: “Lakin bizim üçün əsas odur ki, Azərbaycan tərəfi bütün mənfi həmlələrin qarşısını qətiyyətlə alır. Bu məsələdə Rusiya-Azərbaycan münasibətlərinin nəinki qırılma mərhələsinə hətta pozulma, ona xələl gətirilməyə icazə verilməməsi, habelə Türkiyə-Rusiya münasibətləri də öz sözünü deyir, boşluqların genişlənməsinin qarşısı alınır, müsbət nəticələr əldə edilməyə fokuslanılır”.
//Safura Bənnayeva, Editor.az

