“Hər il keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində İlham Əliyev növbəti dəfə də iştirak etdi. Həmin görüşdə bir sıra gözləntilər var idi. Əslində bir neçə ekspert fikirləşirdi ki, bu görüşdən Cənubi Qafqazda baş verən proseslərlə bağlı hər hansı ciddi nəticə gözləmək düzgün deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, baş tutan görüş ənənəvi olaraq MDB dövlət başçılarının növbəti iclasıdır: “Burada da Rusiya prezidenti Vladirmir Putin üçtərəfli görüşlə bağlı fikir səsləndirdi. Amma planlaşdırılan görüş üçün müəyyən hazırlıq edilməli və mətbuata bu barədə xəbər verilməli idi.
Ermənistanın həm Moskva, həm də Brüssel formatını iflic vəziyyətə gətirib çıxartmasını gördük. Rusiyanın iştirakı və təşəbbüsü ilə bir neçə görüş keçirilib. Amma heç birində sülh sazişinin imzalanması ilə bağlı Ermənistan tərəfindən ciddi formada real addım atılmayıb. Baxmayaraq ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri vaxtında və ardıcıllıqla yerinə yetirir. Ermənistanın bu addımları onun görüntü xarakterli görüşlər keçirməsindən xəbər verir”.
Politoloq qeyd edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın Laçın yolundakı proseslərə diqqəti yönəltməsi isə əslində Rusiya və sülhməramlı kontingentinə qarşı narazılığın göstəricisidir:
“Nikol Paşinyan hər vəchlə çalışır ki, sülhməramlı missiyanın fəaliyyətini pisləsin. O da yaxşı başa düşür ki, Qarabağ məsələsi artıq bitib. Bu istək reallaşmayacaq. Baş nazir vəziyyətdən qurtulmağın elə bir yolunu axtarır ki, Ermənistan əhalisi və müxalif qüvvələr ona qarşı çıxa bilməsinlər. Bunu da proseslərin gedişi kimi göstərməyə çalışır. Digər tərəfdən də bunu sülhməramlıların üzərində qoymağa çalışır. Bir oxla iki hədəf vurur. Hakimiyyətə gəldiyi vaxt Qərbə uyğunlaşaraq Rusiyanın mövqeyini azaldıb mümkün qədər regiondan çıxartmağa, bu ölkəyə qarşı cəmiyyətdə nifrəti daha da artırmağa və hakimiyyətini gücləndirməyə çalışır”.
X.Bəşirovun sözlərinə görə, həm rəsmi Moskvanın, həm də Brüsselin gərçəkləşdirdiyi platformalar qeyri-işlək vəziyyətdədir:
“ADA Universitetində prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Orta Dəhliz Boyunca Geosiyasət Təhlükəsizlik və İqtisadiyyat” adlı Beynəlxalq konfransda da Moskva və Brüssel platformalarının iflic vəziyyətə düşməsi ilə bağlı fikirlər səsləndirdi. Azərbaycanın da mövqeyini dilə gətirdi. Bu da ondan xəbər verir ki, vaxtilə Brüssel formatını dəstəkləyən Azərbaycan artıq bu platformalara inanmır, real nəticə gözləmir. Rusiya ilə keçirilən görüşlər effektiv deyil. Onlar da Brüssel formatının qeyri-işlək vəziyyətə düşməsindən məmnundur. Cənubi Qafqazda sülh müqaviləsinin imzalanması ilə bağlı real addımların atılması 2023-cü ilə qaldı. Ümid edirəm ki, bu məsələdə Azərbaycan yürütdüyü diplomatik siyasəti ilə uğur əldə edəcək”.
//Safura Bənnayeva, Editor.az

