“Paşinyanın Rusiya ilə bağlı giley-güzarının əsas səbəblərindən biri də bu imiş”- Millət vəkili ŞƏRH EDİRbackend

“Paşinyanın Rusiya ilə bağlı giley-güzarının əsas səbəblərindən biri də bu imiş”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Parlamentinin deputatı Melkonyanın açıqlamasına görə, Rusiya Ermənistana silah tədarükünə yenidən başlayıb. Məlumdur ki, Ermənistan baş naziri Nikol Paşinyanın uzun müddətdir ki, Rusiya ilə bağlı giley-güzarının əsas səbəblərindən biri silah ixracının dayandırılması ilə əlaqədar idi. Bu, Rusiya-Ermənistan münasibətlərinin soyuqlaşmasında əsas amillərdən biri idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Ermənistanın silahlandırılması heç bir formada regionda sülhün yaranmasına hesablanmayıb:

” Rusiyadan başqa Ermənistanın Fransa, Hindistan, Yunanıstan tərəfindən də silahlandırılması barədə məlumatlar var. Ancaq bu, Azərbaycanın hərbi gücü ilə müqayisədə tarazlığı dəyişə bilməz. Hazırda Azərbaycan dünyanın bir çox ölkələrinə 100-dən çox hərbi təyinatlı məhsulların satışını həyata keçirir. Hesab edirəm ki, Türkiyə ilə birlikdə Hərbi Sənaye Kompleksinin inkişaf etdirilməsi kontekstində yeni model silahların birgə istehsalı da baş tutacaq. Ən son model silahların alınması isə ölkəmiz üçün prioritet məsələlərdən biridir. Bu, vacibdir və Cənab Prezident İlham Əliyevin də dediyi kimi, hərbi və hərbi sənaye sahəsinin inkişafı dayanmayacaq. Əbəs deyil ki, Azərbaycan dünyanın hərbi güc reytinqində 57-ci yerdə qərarlaşıb. Bu inkişaf dayanmadan davam edəcək”.

Millət vəkili bildirib ki, Ermənistanın Rusiya tərəfindən silahlandırılması yeni hadisə deyil:

” İllərdir ki, milyard dollarlıq həcmində silahlar Rusiya tərəfindən Ermənistana ötürülür, pay verilir. Ancaq heç bir zaman bu məsələlər Azərbaycanın hərbi gücünə təsir etməyib, etməyəcək də. Prezident İlham Əliyevin dediyi kimi, “müharibədə silahlar işini görsə də, əsas həlledici rolu insan amili oynayır”. Azərbaycan əsgəri öz torpağının hər qarışı üçün canını fəda etməyə hazırdır və bunu 44 günlük Vətən müharibəsində də əyani şəkildə sübut etdi”.

V. İskəndərov bildirib ki, erməni rəsmiləri bir tərəfdən sülhdən danışır, digər tərəfdən bir çox ölkələrdən silah dilənir:

“Ermənistan hakimiyyətinin sözü ilə əməli heç vaxt üst-üstə düşməyib. Bu, hazırda da bu cür davam edir. Hesab edirəm ki, indiki situasiyada Ermənistan hakimiyyəti ölkədə siyasi tarazlığın formalaşması, ölkə iqtisadiyyatının bərpası, əhalinin yoxsulluqdan çıxarılması üçün yeni islahatlara başlamalıdır. Ermənistanda maliyyə xüsusilə bu istiqamətlərə ayrılmalıdır, nəinki silah alışına… Rəsmi İrəvan hələ d revanşist meyillərindən əl çəkmirsə, bu, onun sonu olacaq. Azərbaycan durmadan inkişaf edir, Ermənistan isə getdikcə dibə çökür. Azərbaycan regionda sülhün bərqərar olması, dayanıqlı tərəqqi üçün bütün vacib addımları atır. Ermənistan siyasi rəhbərliyi də baş verənlərdən düzgün nəticə çıxartmalı, “dalan”dan çıxmaq üçün təcili şəkildə sülh istiqamətində real addımlar atmalıdır”.

//Gülnarə Abasova, Editor.az