“Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Türkiyə münasibətləri ilə bağlı verdiyi açıqlamada birtərəfli yanaşma nümayiş etdirilir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında çıxışı zamanı “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə (sərhəd keçidi – red.) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılmasına cəhd edir:
“Lakin bu məsələdə Türkiyənin mövqeyi məlumdur. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi baş tutmadığı və sülh müqaviləsinin heç olmasa çərçivə anlaşması imzalanmayana qədər qardaş Türkiyənin rəsmi İrəvanla sərhədləri bərqərar edəcəyini düşünmürəm”.
Deputatın fikrincə, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması barədə bir sıra öhdəlikləri var: ” Rəsmi İrəvan gerbindən Türkiyə ərazisində olan Ağrı dağının rəsmini çıxartmalıdır. Rəsmi Ankaraya ciddi zərər verən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı tədbirlər həyata keçirməlidir. Bu məsələ ilə bağlı Türkiyə artıq Beynəlxalq Atom Enerjisi Agentliyinə də müraciət edib. Sözügedən stansiya ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsinə, yaxud da ümumiyyətlə, bağlanmasına çağırıb”.
H.Babaoğlunun fikrincə, Ermənistan Türkiyəyə qarşı da silahlanır:” Rəsmi İrəvan münasibətlərində sabit davranan, ciddi dövlət olmayana qədər sərhədlərin açılması məsələsi mümkün görünmür. Çünki qardaş ölkənin bu istiqamətdə mövqeyi prinsipialdır. Türkiyə ilə Azərbaycan “Şuşa bəyannaməsi”ni imzalamış strateji tərəfdaşlardır. Rəsmi Bakı ilə münasibətlər tənzimlənməyənə qədər Ankara ilə də əlaqələrin normallaşması mümkün olmayacaq”.
//Safura Bənnayeva, Editor.az

